Oğuz rayonu ərazisində fıstıq, vələs və palıd ağaclarının sıx olduğu meşələrdə vəhşicəsinə məhv edilir.[/b]
Bu barədə azerinfo.az-a rayon sakinləri məlumat verib. Məlumata görə, ağır texnika növbəti dəfə meşələrdəki fıstıq və palıd ağaclarını doğrayıb. Rayon sakinlərinin yazdığı məlumata görə, bəzi işbazlar meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların bir hissəsi isə əhaliyə odun kimi satılır. Rayon sakininin sözlərinə görə, Xalxal, Muxas, Calud, Yemişənli, Filfili, Xaçmaz və digər kəndlərinin meşəliklərində demək olar ki, ağac qalmayıb.
Artıq məlum "meşə soyqırımı" ilə bağlı Oğuz sakinləri sosial şəbəkələrdə səhifə də yaradıblar. Onlar dəfələrlə aidiyyatı qurumlara məlumat verdiklərini açıqlasalar da, heç bir tədbir həyata keçirilməyib. Bu səhifədə Oğuz meşələrindəki soyqırımla bağlı məlumatlar yazılır, şəkillər paylaşılır.
Qeyd edək ki, məlum hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin Oğuz rayon Meşələrin Bərpası və Mühafizəsi İdarəsində son bir neçə ildə bir neçə rəhbər dəyişdirilib. Oğuz meşələrinin qanunsuz qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət əsasında Nazirlikdə bir neçə dəfə Komissiya yaradıb.
Bu il Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşə dolayında həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Həmçinin yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, qanunsuz ağac kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda iş istintaqdadır.
Ancaq hazırki idarə rəisi də meşələrin kəsilməsi üçün tapşırıq verir. Demək olar ki, yaxşılığa doğru heç nə dəyişməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Rövşən Cəlilov nazirliyin tabeliyində olan Meşələrin Mühafizəsi və Bərpası İdarələrinin müdirlərini öz nəzarəti altında saxladıqca da heç nə dəyişən deyil.
Əməkdaşlarımız Oğuzda olarkən qanunsuz ağac kəsimi ilə bağlı videosüjet hazırlayıblar. Qısaca qeyd edək ki, Oğuzun Baş Ağıl meşəbəyliyinin Muxas kəndi ərazisində meşə zolaqları mütamadi məhv edilir. Qanunsuz ağac kəsimi əvvəlcədən həyata keçirilir, tədarük gürülür, səhər saat 5-6 radələrində iritutumlu "Ural”, "Zil” avtomobilləri ilə kəsilmiş ağaclar sahədən çıxarılır. Meşə zolağına gedən yollar qəsdən elə bərbad hala saınıb ki, ancaq iri yük avtomobilləri hərəkət edir.
Aldığımız məlumatlara görə qiymətli ağac növləri Qəbələdəki parket sexlərinə daşınır. O sexlər haqda da videosüjet hazırlayacağıq.Məsələ ilə bağlı həmin ərazinin meşəbəyisi, özünü Elmidar kimi təqdim edən şəxslə danışdır. O, bildirdi ki, həmin ərazidə gözətçi var. O da məsuliyyət daşıyacaq. Halbuki ağac kəsiminə görə heç kim cəzalanmayıb,nə də istintaq cəlb edilməyib. Sadəcə məsul şəxslər günahı bir-birilərin üzərinə atırlar.
Oğuzda meşə zolağının vəhşicəsinə məhv edildiyi ərazilərdən biri də Xaçmaz kəndidir.
Bu kənddən Qəbələyə yol var. Qanunsuz kəsilmiş ağaclar Qəbələyə məhz bu yolla daşınır.
Savxoz yolu qırılmış ağaclar ilə Ağdaş və Göyçaya da daşınır.
Aldığımız məliumata görə Oğuz Meşə Mühafizəsinə rəhbərlik edən Əlövsət müəllim uzun müddət polis sistemində, konkret olaraq Qubada rəis müavini kimi çalışıb. Orada işlədiyi müddətdə deyilənə görə odun satışı ilə məşğul olub. Təqaüdə çıxdıqdan sonra təcrübə qazandığı sahə üzrə işə düzəlib.
Ardı olacaq.
obyektivxeber.info