Fevralın 21-də saat 13:20-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonunun Qovlar şəhərində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssislərinin təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində siqnalın 2,5 metr dərinlikdə olduğu nəzərə alınaraq, fevralın 21-22-də ərazidə qazıntı işləri aparılıb. Nəticədə bir ədəd 122 millimetrlik partlamış 9M22S (Qrad) raketinin qalıqları aşkarlanıb. Həmin hərbi sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 12 kvadratmetr ərazi 2,5 metr dərinliyində yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxunub: 315