Meksika Birləşmiş Ştatları senatı binasında Beynəlxalq Novruz Bayramı təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika senatının sədri Marti Batres Quadarrama, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Senator Kora Sesiliya Pineda Alonso tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil olan Novruz bayramının Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu ifadə edib və onlara bu tədbirin reallaşmasında yardıma görə təşəkkürünü bildirib. Bu bayramın zəngin mədəniyyətlərin qədim ənənələrinin daşıyıcısı olduğunu deyən senator bu tədbir zamanı Meksika xalqının həmin mədəniyyətlərlə tanış olmaq imkanının yarandığını dilə gətirib. O, Novruz bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini bildirib.
Xanım Pineda Alonso Meksika senatının tədbirdə iştirak edən səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırıb.
Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Novruz bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib. Bu kimi təşəbbüslərin xalqlarımız üçün bir birilərinin qədim tarixi, zəngin mədəniyyətləri, ənənələri barədə daha çox öyrənmək imkanının yaratdığını, bunun öz növbəsində cəmiyyətlərimizi mənəvi olaraq zənginləşdirdiyini deyib.
Novruz bayramının dünya Azərbaycanlıların ən sevimli və əziz bayramlarından biri olduğunu onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyini, bu bayramın zəngin ənənələrinin yaşatdığını bildirib. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə edib. O, Novruz bayramının həm azərbaycanlılar həmdə ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə müşahidə olunduğunu bildirərək, həmin ənənələr barədə qonaqlara geniş məlumat verib.
Hər bir Azərbaycanlının uşaqlığından ən gözəl xatirələrin məhz Novruz bayramı və onun qədim və gözəl adət ənənələr ilə bağlı olduğunu deyib.
Diplomat Azərbaycanda müxtəlif mədəniyyət nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayaraq bu gün ölkəmizin qlobal miqyasda mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrildiyini söyləyib.
Tədbirdə həmçinin İran, Pakistan və Türkiyə səfirləri, Gürcüstan səfirliyinin müşaviri çıxış edib.
Sonra tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacının senatın binasının həyətində əkilmə mərasimi keçirilib.
Bundan sonra senatın sədri, üzvləri və tədbirin digər çoxsaylı qonaqlarına ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb, onlar Novruz bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib. Azərbaycan masası qonaqlar tərəfindən olduqca böyük maraqla qarşılanıb.
Eyni zamanda Azərbaycanda Novruz şənliklərini əks etdirən videomaterial və şəkillər nümayiş etdirilib.
Tədbir Meksika Parlamentinin Televiziya kanalı ilə canlı yayımlanıb, ölkə KİV-lərində geniş işıqlandırılıb.
Oxunub: 293