Valyuta məzənnəsi

Gürcüstanda seçki İvanişvili - Saakaşvili mübarizəsinə çevrilib

Tarix:6-11-2018, 17:17

Gürcüstanda seçki İvanişvili - Saakaşvili mübarizəsinə çevrilib

Politoloq: “İkinci turun necə nəticələnəcəyi haqda indidən birmənalı fikir söyləmək çətindir”

Gürcüstanda dekabr ayında prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçki mübarizəsi birinci turda 38 faiz səs qazanmış hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə keçmiş prezident Mixail Saakaşvilinin dəstəklədiyi müxalifətdən olan namizəd Qriqol Vaşadze (birinci turda 37 faiz səs qazanıb) arasında gedəcək.

Seçki kampaniyasının çox gərgin keçəcəyi indidən görünməkdədir. Gürcüstanda Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının yenidən hakimiyyətə qayıtması ehtimalı prezidentlik yarışının əsas məsələsinə çevrilib. Birinci turdakı uğursuzluqdan dərs çıxaran iqtidar partiyası Gürcü Arzusu indi bütün gücünü 2-ci tura görə səfərbər edərək S.Zurabişvilinin qələbəsinə çalışır.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze mətbuata bildirib ki, hakim partiya indi aktiv seçki dövrünə qədəm qoyur: “Biz birinci turu passiv rejimdə keçirdik və onu gec başladıq. Bu isə nəticəyə ciddi təsir göstərdi”.

Müxalifət partiyaları da boş dayanmırlar. Qriqol Vaşadzeni dəstəkləyən bütün siyasi qüvvələr seçkidə saxtakarlığın qarşısını almaq məqsədilə vahid seçki qərargahı yaradıblar.

Gələn xəbərlərə əsasən yarış həm də media sahəsində gedir.

Bu günlərdə Gürcüstanın “İmedi” telekanalı rəsmən və açıq şəkildə S.Zurabişvilinin təbliağtına qoşulduğunu bəyan edib. Kanalın yaydığı məlumatda Saakaşvili rejiminin geri qayıtmasına yol verməməkdən ötrü fövqəladə iş rejiminə keçdiklərini bildiriblər.

Gürcü politoloqları isə “İmedi”nin bəyanatını “Gürcü arzusu” içində hökm sürən panika ilə əlaqələndiriblər.

Məsələ burasındadır ki, “İmedi”nin sahibləri Saakaşvilinin qədim düşməni, hazırda həyatda olmayan Badri Patarkatsişviliin qohumlarıdır. Onlar hələ də Gürcüstanın sürgün həyatı yaşayan keçmiş liderinə qarşı kin bəsləyirlər.

Müstəqil Ekspertlər Klubunun politoloqu Ramaz Sakvarelidze isə “İmedi”nin seçkiqabağı yarışa cəlb olunmasını Vahid Milli Hərəkatın hakimiyyətə qayıtmaq şansının yüksəlməsi ilə əlaqələndirib. Sakvarelidze “İmedi”nin əsas vəzifəsinin 1-ci turda passivlik göstərib seçkiyə getməyənləri iqtidar namizədindən yana səs verməsini təmin etməkdən ibarət olduğunu vurğulayır. Onu sözlərinə görə, seçkinin nəticəsini də məhz həmin seçicilər müəyyən edəcək.

Bu mənada politoloq S.Zurabişviliyə daha çox şans verir. Onun fikrincə, Vahid Mill Hərəkatın elektoratı artıq 1-ci turda bütün gücünü ortaya qoyub tükənib. Onların yeni qüvvələr cəlb etmək şansı azdır. Üstəlik, Vaşadzeylə müttəfiqlik edən partiyaların onu həqiqətən seçkidə dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyil.

Politoloq Giya Nodiya isə Vaşadzenin elə birinci turdaca seçicilərin rəğbətini daha çox qazandığını bildirir.

Oxunub: 275



XƏBƏR LENTİ