Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Türkiyədə Ankara Universitetində telekonfrans keçirilib.
APA-nın yerli bürosuna istinadən YeniAN.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdet Univar, Altınbaş Universitetinin rektoru Çağrı Elvanın iştirakı ilə keçirilən telekonfransda öncə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin ruhu ehtiramla yad edilib.
Sonra H.Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verilib.
Ankara Universitetinin rektoru Necdet Univar H.Əliyev haqqında xatirələrini bölüşərək bildirib ki, 2003-cü ildə səhiyyə nazirinin müşaviri olaraq Azərbaycana səfər edib: “O zaman səhhətində artıq problemlər olduğuna görə hörmətli Heydər Əliyevlə yalnız 5 dəqiqə görüşmək fürsətimiz oldu. Qısamüddətli görüşündə onun Türkiyəyə olan böyük sevgisinin şahidi oldum. O sevginin nəticəsidir ki, Azərbaycanla Türkiyənin möhkəmlənən qardaşlıq əlaqələri hörmətli İlham Əliyevlə, hörmətli Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu ilə davam etdirilir”.
N.Univar rəhbərik etdiyi universitetin həyətində 2001-ci ilin fevralında H.Əliyevin əkdiyi ağacın olduğunu da qeyd edib: “Universitetin həyətində o ağacı gördükcə mərhum Heydər Əliyevi ehtiramla yad edirik”.
Altınbaş Universitetinin rektoru Ç.Əlvan H.Əliyevin türk dünyasına verdiyi önəmi 90-cı illərdə şahidi olduğu hadisələrlə xatırladıb. C.Əlvan H. Əliyevin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman 1993-cü ildə Naxçıvandan Bakıya gələrək Azərbaycanın xarici siyasətində mühüm dəyişikliklərin etdiyini, “Əsrin müqaviləsi” layihəsi, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin çəkilişi ilə Azərbaycanla Türkiyə əlaqələrinin ən yüksək səviyyədə birliyinə nail olduğunu qeyd edib.
Ş.Ayrım H.Əliyevin “Bir millət, iki dövlət” deyimini xatırladaraq deyib ki, 44 günlük Qarabağ savaşının qələbə ilə başa çatması da Türkiyə ilə Azərbaycan dostluğunun nümunəsidir.
X. İbrahim isə bildirib ki, 44 günlük Qarabağ savaşının qələbə ilə başa çatması, Şuşanın işğaldan azad olunması Heydər Əliyevin vəsiyyəti ilə baş tutub: “Azərbaycan ordusunun bugünkü qələbəsi məhz Türkiyə hərbi sənayesindən öyrəndiyi təcrübələrin uğurlu nəticəsidir. Bunun da başlanğıcı 90-cı illərdə ümummilli liderin hərbi sahədə Türkiyə ilə əməkdaşlıqla nail olması ilə qoyulub. Məncə, ulu öndərin ruhu çox şaddır ki, həm Azərbaycan, həm Türkiyə bu gün qüdrətli dövlətlərdir, həm də ona görə ki, dünyada Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünyaya örnəkdir”.
YeniAN.az