Valyuta məzənnəsi

“Biz bu işə könül verdik, mənəvi bağlar qurduq”

Tarix:12-07-2021, 10:51

“Biz bu işə könül verdik, mənəvi bağlar qurduq”

Murat Karagöz: “Antalya Diplomatiya Forumunun 2022-ci ildə də keçiriləcəyini indidən söyləyə bilərəm”

Xəbər verdiyimiz kimi, 18-20 iyun tarixində “Yenilikçi diplomatiya: yeni dövr, yeni yanaşmalar” adı altında Antalya Diplomatiya Forumu (ADF) keçirildi. Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi Forum 50-dən çox ölkənin diplomatlarını bir araya gətirdi və pandemiya dövrünün ən böyük beynəlxalq tədbiri oldu. Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinin müdiri, ADF-nin koordinatoru, səfir Murat Karagözlə söhbətimiz ilk dəfə gerçəkləşən bu layihənin nəticələri və gələcək planlarla bağlıdır.

– Antalya Diplomatiya Forumunun keçirilməsi ötən il, yəni 2020-ci il üçün nəzərdə tutulsa da, pandemiya səbəbindən bu ilə ertələmişdi. Belə genişmiqyaslı tədbirin nəticələri haqqında nə deyə bilərsiniz?

– 2019-cu ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 3 təşəbbüs irəli sürmüşdü. Bunlardan biri “Rəqəmsal diplomatiya”, ikincisi “Yenidən Asiya” seminarı və üçüncüsü Antalya Diplomatiya Forumu idi. Biz bu təşəbbüslərdən iksini gerçəkləşdirə bildik. Forum isə, qeyd etdiyiniz kimi, Covid-19 pandemiyasına görə ötən il baş tutmadı. Nəhayət, bu il 18-20 iyun tarixlərində tədbiri Antalya şəhərində gerçəkləşdirə bildik. Təbii ki, asan olmadı. Amma öhdəsindən gələ bildik və buna görə də çox məmnunuq.

– Yəqin ki, belə bir layihənin koordinatoru olmaq da asan deyildi...

– ADF layihəsində mən tək başıma deyildim. Birincisi, hər şeydən öncə, Prezidentimizin himayəsi, ikincisi nazirimizin dəstəyi, yardımı və istiqamətləndirməsi kimi məsələlər önəmli idi. Eyni zamanda, bu işin başında bir neçə koordinator, səfir də təmsil olunurdu.

Forumun özəlliyi daha öncə gördüyümüz rəsmi toplantılardan, zirvələrdən fərqlənməsi idi. Çünki ADF-in rəsmi bir ölçüsü yox idi, eyni zamanda içində rəsmi şəxslərlə yanaşı, məmurlar, iş dünyası, media, elm adamları da təmsil olunurdu. Forum pandemiya müddətində dünyada gerçəkləşən ən böyük beynəlxalq tədbirlərdən bəlkə də birincisi oldu. Çünki biz bu məsələdə hazırlıqlı idik. Ən böyük çətinliyimiz Covid-19 ilə bağlı idi. Türkiyə Səhiyyə Nazirliyi ilə yaxından işbirliyi quraraq bu istiqamətdə də lazım olan bütün tədbirləri gördük. Foruma həm də universitet tələbələri rəng qatmışdı. Türkiyənin 81 vilayətindəki ali məktəblərdən 250 tələbə bu panellərə çox böyük maraq göstərdilər. Gənclərlə gecə söhbəti və açıq havada görüş keçirdik. Toplantının son günü isə tələbələrin Kosovoanın prezidenti ilə 1 saatlıq görüşü keçirildi. Beləcə, ADF çərçivəsində Gənclik Forumunu da gerçəkləşdirmşi olduq. Forumun digər fərqi, onun sadəcə panellərdən ibarət olmaması idi. Biz müxtəlif və uyğun vasitələrlə onun məzmununu da zənginləşdirdik.

– Yeri gəlmişkən, toplantı salonlarına gedən diplomatik tunellərdəki rəqəmsal görüntülər Foruma sanki bir rəng, dərinlik qatması ilə yanaşı, həm də düşündürücü idi. Yəni belə demək mümkünsə, Forumda tarix, mədəniyyət, sənət də nümayiş etdirildi...

– Bəli, haqlısınız. Qonaqlarımızı tarixdəki ilk yazılı anlaşma olan Kadeş anlaşmasından (Miladdan öncə 1280-ci ildə imzalanmış Misir-Het sülh müqaviləsi tarixin günümüzə gəlib çıxmış ilk yazılı anlaşması sayılır, İstanbul Arxeoloji Muzeyində saxlanılır – red.) ən son – Cenevrədəki Kipr müzakirələrinə qədər uzanan müddətdə fərqli sənədli film və qısa videolardan ibarət bir diplomatiya körpüsündən keçirdik. Bu görüntüləri, belə demək mümkünsə, məkanın içində verdik. İştirakçılar toplantı salonlarına gedərkən istər-istəməz o görüntüləri seyr etdilər. “Diplomatiya tuneli” sadəcə bu sadaladıqlarımla məhdudlaşmırdı. Eyni zamanda, Osmanlı arxeoloqu, muzey kuratoru, rəssam və Kadıköyün ilk bələdiyyə başqanı Osman Hamdi Bəyin əsərlərindən ibarət rəqəmsal sərgi də təşkil etdik. Bununla yanaşı, tematik olaraq 8 panelə paralel sərgilər də nümayiş etdirdik. Yəni, əslində, vizual zənginlik Foruma rəng və dərinlik qatdı. Bundan başqa ADF-də çox gözəl konsert proqramları da düzənləndi. Türkiyə Prezidentinin ev sahibliyi ilə qonaqlara verilən ziyafətdə isə Antalya Simfonik Orkestrinin çıxışı və məkanın içində göstərilən konsert möhtəşəmliyi ilə yadda qaldı.

– Antalya Diplomatiya Forumu gələcək illərdə də davam edəcəkmi?

– Biz bu Forumu ənənəviləşdirmək və institutlaşdırmaq istəyirik. ADF-nin 2022-ci ildə keçiriləcəyini indidən söyləyə bilərəm. Yenə geniş kütləni əhatə edən bir tədbir olacaq. Dünyanın 4 bir yanından təmsilçilər qatılacaq. Pandemiyaya görə bu dəfə nisbətən məhdud olan üz-üzə çalışmalar, inşallah, gələn il daha geniş şəkildə mümkün olacaq. Eyni zamanda, ikinci Forumda mədəniyyət və incəsənət proqramlarının da sayı artırıla bilər. ADF bir ilk idi və önümüzdə nümunə götürəcəyimiz bir Forum yox idi. Amma indi ikinci və sonrakılar üçün nümunəmiz, təcrübəmiz var. Biz bu Forumdan dərhal sonra nazirlə bir araya gəldik və çox detallı bir analizlər etdik və bizim üçün bir faydalı olmaqla yanaşı, yol göstərən tərəfləri də oldu. Artıq qarşıdakı dövrdə hansı addımları ata biləcəyimizi və nə kimi metodları tətbiq edə biləcəyimizi düşünəcəyik. Türkiyə Xarici İşlər Nazirliyi olaraq bu işə könül verdik, mənəvi bağlar qurduq. Bir sözlə, bu prosesdə yer alacaq, bütün dostlarımız ümidlərini, gözləntilərini yeniləşdirmiş bir şəkildə bu işə davam edəcəklər.

Eyni zamanda biz bu Forumda mediaya da böyük önəm verdik. “Mədəniyyət” qəzeti vasitəsilə dost və qardaş Azərbaycana və onun mediasına xüsusi salam, sevgi və sayğılarımı çatdırıram. Bundan sonrakı Forumlarda Azərbaycandan daha çox media nümayəndələrini və iştirakçılarını görmək istərdik. (medeniyyet.az)

“Biz bu işə könül verdik, mənəvi bağlar qurduq”
“Biz bu işə könül verdik, mənəvi bağlar qurduq”
“Biz bu işə könül verdik, mənəvi bağlar qurduq”
“Biz bu işə könül verdik, mənəvi bağlar qurduq”

YeniAN.az
Oxunub: 373



XƏBƏR LENTİ