Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və rus xalqlarına başsağlığı verib.
YeniAN.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib.
R.T.Ərdoğan Kahramanmaraşda baş verən meşə yanğının söndürülməsi zamanı qəzaya uğrayan təyyarədə həlak olan ekipaj üzvlərinin yaxınlarına və Rusiya Federasiyasına başsağlığı diləyib: “Yanğınla mübarizəmizə dəstək verən rus dostlarımızın başı sağ olsun”.
Qeyd edək ki, dünən Türkiyənin Rusiyadan icarəyə götürdüyü "Be-200" təyyarəsi Adana şəhəri yaxınlığında enərkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində beş Rusiya hərbçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi olmaqla səkkiz ekipaj üzvü olub.
Yanğınların söndürülməsinə cəlb olunan təyyarə ilə sonradan əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb, 8 ekipaj üzvü qəzada həlak olub.
YeniAN.az