Misirin Sudandakı səfirliyinin inzibati attaşesinin köməkçisi Muhammed Əl-Qaravi Xartumda həlak olub.
Bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, səfirliyin əməkdaşı Misir vətəndaşlarının təxliyəsində iştirak etmək üçün evindən çıxarkən öldürülüb. Misir XİN bildirib ki, bu faciəyə baxmayaraq, ölkə vətəndaşlarının Sudandan təxliyəsi davam edir. Rəsmi Qahirə bu prosesi insan tələfatı olmadan davam etdirmək məqsədilə Sudan ordusu və Çevik Dəstək Qüvvələrinin qərargahı ilə əlaqə saxlayıb. Misir XİN qeyd edib ki, Xartumda 10 minə yaxın misirli var, onlardan 5 mini tələbələrdir. İndiyədək 900 Misir vətəndaşı təxliyə olunub.
Sudanda davam edən silahlı münaqişəni nizama salmaq üçün rəsmi Qahirə Afrika və ərəb ölkələri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı ilə danışıqları da davam etdirir. Bundan başqa, Misir hökuməti Sudanla sərhəddə Misir Qırmızı Aypara Cəmiyyətinin yardım məntəqəsi açıb. Bu məntəqədə təxliyə edilən vətəndaşlara tibbi yardım göstərilir.