Oktyabrın 10-da Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəzanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədov törətsə də, azadlıqda gəzir. Bununla ikinci yol qəzasını törətmiş F.Məmmədovun işi ört-basdır olunur.
Xidmət rəisi Arzu Rəhimov kadrının oğlunun ölüm işini bağlamaq üçün xüsusi canfəşanlıq edib. Ona görə də əksər KİV bu haqda yazmadı. İstintaq tərəfindən heç bir açıqlama olmadı, F.Məmmədov məsuliyyətə cəlb edilmədi. Görünür ki, bu hadisədə vəzifə səlahiyyətindən sui-istifadə edilib.
Şaiq Məmmədovun Arzu Rəhimovun çox yaxın adamı olduğu deyilir. Xidmət rəisi də istəməyib ki, dostunun oğlu həbsə getsin. Odur ki, mətbuat bu işin üstündən sükutla keçdi. Məqsəd hadisəni prezidentin diqqətindən kənarda saxlamaq, gizlətməkdir.
Çünki dövlət başçısı məmur balalarının qudurğanlığını bağışlamır və dəfələrlə bu mövzuda sərt xəbərdarlıqlar edib, cəzalar olub.
Ona görə də A.Rəhimov polkovnikin oğlunu qorumağa müvəffəq olmaqdadır. Ehtimal edilir ki, ölənin yaxınları da şikayət etməyiblər və iş ört-basdır olunub.
Daxili İşlər Nazirliyiyaydığı rəsmi məlumatda qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, "Hyundai Sonata” markalı avtomobilin sürücüsünün polkovnikin oğlu olduğunu açıqlamışdı.
Məlumatda deyilirdi: oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayrıcısına vurub. Nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Bildirilir ki, qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, "Hyundai Sonata” markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədovdur.
Sərnişini, Sumqayıt şəhər sakini Rəsulzadə Rəcəb Mikayıl oğlu isə keçmiş DYP işçisinin oğludur. Polkovnik saytımıza açıqlamasında “olub, olub da, işin-gücün yoxdur?!” deyib telefonu asmışdı. Görünür ki, Ş.Məmmədov üçün “olub, olub da” demək adidir. Nə də olmasa, ölüb, ölüb də, sağ qalan öz oğludur axı.
A.Rəhimov keçmiş müavini Novruzəli Orucovun oğlunun avtobus şoferinə şillə vurması ilə gündəmə gəlmişdi. General istəmir ki, komandasındakı rütbəlilərin uşaqlarının ucbatından başı ağrasın. Amma burada ölüm faktından söhbət gedir və hələ də polkovinikin oğlu azadlıqdadır.
A.Rəhimov istəmirdi ki, yenidən məmur övladının harınlığı, adam ölümünə səbəb olan cinayəti ilə gündəmə gəlsin. Ona görə ilk gündən həm A.Rəhimov, həm Ş.Məmmədov informasiyanı boğmağa can atdılar, mətbuatın əksəriyyəti xəbəri yaymadı. Prezidentin dəfələrlə məmur övladlarına qudurğanlıq etməmək barədə xəbərdarlığı olub. Dövlət başçısı bildirib ki, harınlıq edən məmurun övladı həbs ediləcək, atası vəzifəsindən azad olunacaq. Və bu məlumatlar elə bir dövrə təsadüf edirdi ki, Xidmət rəisi Arzu Rəhimov ardıcıl ikinci zərbəni alırdı.
Çünki hadisədən iki həftə qabaq Qazaxın komissarı məhkəmədə 180 min manat verərək Gəncəyə komissar getmək istədiyini etiraf etmişdi. Bu fakt Səfərbərlik Xidmətində vəzifələrə təyinatən rüşvətlə olduğunu təsdiqləyirdi.Ardınca Baş idarə rəisinin müavininin oğlu qəza törətməsi işləri düyünə saldı. Dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə.
Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.