Valyuta məzənnəsi

Bacısına görə yeznəsinə güllə atan şəxsə cəza istənildi

Tarix:18-10-2018, 15:36

Yeznəsini və onun atasını öldürməyə cəhddə ittiham edilən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Tural Tufan oğlu Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Tural Tarverdiyevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. T.Tarverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq Suraxanı rayon prokurorluğuna təhvil verilib. Təqsirləndirilən Tarverdiyev ittihamla özünü təqsirli bilməyib. Deyib ki, havaya atəş açsa da heç kimi öldürməyə cəhd etməyib.

O, söyləyib ki, hadisə yerinə gedəndə yeznəsini və onun atasını görməyib: "Mən onları görməmişəm. Onlar çölə çıxmadan mən atəş açmışam. Bunu etiraf edirəm. Mən istəsəydim, onları öldürə bilərdim. Bunun üçün imkanım var idi".

Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilir.

Oxunub: 295



XƏBƏR LENTİ