XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin 27-ci ildönümü Ağdam rayonunda dərin hüznlə yad edilib. Rayonun idarə və müəssisələrində anım tədbirləri təşkil olunub, rayonda məskunlaşmış Xocalıdan olan ailələrlə görüş keçirilib.
obyektivxeber.info-nun bölgə müxbiri xəbər verir ki, fevralın 26-da rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissənin əsgər və zabitləri, gənclər və ağsaqqallar rayonun girişindəki Şəhidlər abidə-kompleksini ziyarət edərək, önünə tər qərənfillər düzüblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların, o cümlədən Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.