Noyabrın 27-də Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Anadolu Mədəniyyətlərin Araşdırılması və İnkişafı Dərnəyinin birgə təşkilatçılığı ilə Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədi ilə bədii proqram təşkil edilib.
YeniAN.info xəbərinə görə, “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlanan konsert proqramı Qarabağ savaşında şəhid olan uşaqların əziz xatirəsinə həsr olunub.
Proqramın solisti, fleyta ifaçısı Şəfiqə Kutluər öz çıxışında konsert proqramının şəhid olan Azərbaycan körpələrinə ithaf etdiklərini dilə gətirib: “Bu gün dünyada davam edən müharibələrdə çox təəssüf ki, uşaqlar və dinc insanlar da həyatlarını itirirlər. Azərbaycanın haqlı savaşında şəhid olan Azərbaycanlı körpələrin əziz xatirələri üçün bu konserti təşkil etdik”.
Ankara Opera və Balet Teatrının solisti, Azərbaycan kökənli olan Şənol Talınlı Azərbaycan xalq mahnılarını, tanınmış bəstəkarlarımızın məşhur bəstələrini ifa edib.
Solistlər Şəfiqə Kutluəri və Şənol Talınlını Ankara Opera və Balet Teatrının Azərbaycandan olan pianoçu Nailə Əhmədova, tarzən Murad Akçay, violonçel ifaçısı Sevinc Əliyeva müşayiət edib. Öz ifaları ilə Azərbaycanın zəfərini tərənnüm etdirən musiqiçilər ankaralı tamaşaçılar tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.
Tədbirdə iştirak edən Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim ifaçılara dərin təşəkkürünü bildirib.
Ankara Opera və Balet Teatrının ifaçılarının iştirakı ilə belə bir konsert proqramının Şuşada keçirilməsinin nəzərdə tutulduğunu TADƏHF rəhbəri Aygün Əttar tədbir iştirakçılarının nəzərinə çatdırıb,
Onu da nəzərə çatdıraq ki, Ankara Opera və Balet Teatrının zalında Azərbaycanla bağlı fotosərgi də nümayiş olunub.
YeniAN.info