Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
YeniAN.az prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, Əziz Qardaşım.
Zati-alinizi 60 yaşınızın tamam olması münasibətilə öz adımdan və millətim adından səmimi qəlbdən təbrik edir, Sizə dəyərli ailə üzvlərinizlə birlikdə cansağlığı, xoşbəxt və uzun ömür arzulayıram.
Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvəlcə işğaldan azad edilməsində, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz əzm və qətiyyət Türkiyə tərəfindən böyük təqdirlə qarşılanır.
Sarsılmaz qardaşlıq bağları əsasında yaratdığımız, yüksək səviyyəli səfərlərlə inkişaf etdirdiyimiz əməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və gələcəyini müəyyənləşdirən bir çox ortaq layihələr reallaşdırmışıq və reallaşdırmaqda davam edəcəyik.
Ümummilli lider Heydər Əliyevdən bizlərə miras olan “bir millət, iki dövlət” prinsipinə söykənən, müttəfiqlik mərtəbəsinə yüksəltməyi qərarlaşdırdığımız əzmkarlığımızı hər bir sahədə daha da inkişaf etdirmək iradəmiz sarsılmazdır. Əzəli və əbədi qardaşlığımızın şərti olan qarşılıqlı dəstək və həmrəyliyimiz regionumuzda sülh, sabitlik və rifahın da təminatıdır.
Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizin doğum gününü bir daha təbrik edir, qardaş Azərbaycan xalqının xoş günləri və səadəti üçün ən səmimi diləklərimi çatdırıram.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti."
YeniAN.az