Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.
Qaynarinfo xəbər verir ki, anadan olmasından 188 il ötsə də,
müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının, milli teatrımızın və
milli mətbuatımızın banisi, ilk təbiətşünas, təkamülçü alimi Həsən bəy
Zərdabi böyük hörmət və ehtiramla anılır.
O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan
olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə
tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan
Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə
təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov
və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara"
və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan
"Əkinçi”nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkmir və 1877-ci
il sentyabrın 29-da nəşri dayandırılır.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya",
"Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və
rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin
yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
Oxunub: 0