"Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov: 1993-cü ildən
başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində milli ordu
quruculuğumuz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Azərbaycan
Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı
ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt
əməliyyatında, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində, 2020-ci ilin 44
günlük Vətən müharibəsində hərb tariximizə şərəfli səhifələr yazdı.
2003-cü il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış
terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror
tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən
Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa
etdilər. Bu gün artıq Azərbaycan Ordusu regional təhlükəsizliyin təməl
sütunlarından birinə çevrilib.Qeyd edək ki, İkinci Dünya müharibəsindən
sonra baş vermiş savaşlarda demək olar ki heç bir dövlət tərəfdən tam
qələbə əldə edilməyib.
Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyi (AVMVİB) sədrinin beynəlxalq məsələlər üzrə müavini,
"Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov mövzu ilə bağlı
"İki sahil” qəzetinə açıqlamasında əvvəlcə ordumuzun keçdiyi yolu
vərəqlədi. Bildirdi ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə –
Əlahiddə Azərbaycan Korpusu yaradılıb: "Həmin il mayın 28-də qəbul
edilmiş "İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü
xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri
zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı
qüvvələrini yaratmalıdır. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi
təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi”.

Müsahibimizin
sözlərinə görə, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda-indiki
Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib: "Qısa müddətdə milli
ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf
qəzaları erməni-bolşevik işğalından azad etdi. 1920-ci ildə Azərbaycan
sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu,
ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi”.
Polkovnik
Elmar Hüseynov daha sonra vurğuladı ki, 1991-ci ildə dövlət
müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması
haqqında qərar qəbul edilib: "Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22
may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı
gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan
olundu.
Yeri gəlmişkən, Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə
qayıdışından sonra, daha doğrusu, 1993-cü ildən başlayaraq həyata
keçirilmiş tədbirlər nəticəsində milli ordu quruculuğumuz keyfiyyətcə
yeni mərhələyə qədəm qoyub. Qısa müddətdə vahid komandanlığa tabe olan
nizami ordu formalaşdırılıb. Ümummilli Lider Heydər Əliyevin ordu
quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilib. Hətta Müzəffər Ali Baş Komandan Azərbaycan milli
hərbi sənaye kompleksini də yaradıb.
2011-ci il iyunun 26-da
Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin
iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi
münasibətilə Azərbaycan Ordusunun hərbi paradı keçirilib. 2013-cü ildə
Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi, 2018-ci ildə 100
illiyi ilə əlaqədar paradlar keçirilib. 2020-ci il dekabrın 10-da isə
Vətən müharibəsində qələbəmizə həsr olunmuş Zəfər paradı təşkil olunub.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə
edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı isə
tariximizin unudulmaz hadisəsi kimi xarakterizə etmək olar. Həmin
tədbirdə Prezident İlham Əliyev demişdir: "Xatırlayıram, beş il bundan
əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş
hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı
bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və
bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş
meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim
əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan
xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”. Bu
yerdə Prezidentin bu sözlərini də xatırlatmaq istərdim: "Nə qədər sənin
silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan
istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir,
zabitdir”. Yeri gəlmişkən qeyd edək ki, əsgər və zabitlərimizin hər cür
qayğı ilə əhatə olunublar. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını
itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən
diqqət mərkəzində saxlanılır. Məsələn, Vətən müharibəsindən sonrakı
dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın
sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin
müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə
onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib”.
Polkovnik
söhbətinin bu məqamında Ulu Öndər Heydər Əliyevin aşağıdakı sözlərini
də xatırlatdı: "Müharibə veteranları millətin qızıl fondudur”. Biz
müharibə veteranları daim dövlətimizin, dövlətçiliyimizin yanındayıq.
Ordumuzun daha da qüdrətlənməsi məqsədi ilə mütəmadi olaraq hərbi
hissələrdə əsgər və zabitlərlə görüşlər keçirir, gənclər arasındə hərbi
vətənpərvərliyin yüksəlməsinə çalışırıq”.
Müsahibimizin sözlərinə
görə, amma bu, bir həqiqətdir ki, döyüş taktikaları günbəgün sürətlə
dəyişir. Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 107 illik tarixə malik rəşadətli Azərbaycan Ordusunun güclənməsi və
möhkəmlənməsi davam etdirilməkdədir. Ordumuz NATO standartlarına
uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir. Bu gün
Azərbaycanın hərbi texnologiyaları bir çox aparıcı hərbi sənaye
sərgilərində təqdim olunur. Bu mənada demək olar ki, Azərbaycan dünya
miqyasında nadir ölkələrdən biridir”.
Qvami Məhəbbətoğlu, "İki sahil”