ABŞ
prezidenti Donald Tramp Rusiya lideri ilə Alyaskada keçirilən görüşdən
sonra məyus və yorğun görünürdü. Onun üz ifadəsinə və dediklərinə
əsaslansaq, özünün uğurlu hesab edəcəyi heç bir əhəmiyyətli razılaşma
əldə edilməyib.
Qaynarinfo xəbər verir ki, bu cümlələri CNN yazıb.
Nəşrin qeyd etdiyi kimi, Trampın hələ də "əhəmiyyətli” məsələlərin
həll olunmadığını deməsi Putinin istədiyi ərazilər və atəşkəs kimi
mövzularda irəliləyişin olmadığını göstərir. Lakin Rusiya diktatoru
nəticədə iki böyük üstünlük qazanıb.
"Birincisi, ABŞ-da qırmızı xalça ilə qarşılanma mənzərəsi müharibə
cinayətkarı üçün nüfuzun bərpasının qeyri-adi forması kimi görünür. Bir
çox ukraynalılar üçün bu, dəhşətli mənzərə idi, xüsusən də Kremlin
başçısı Ukraynanı "qardaş ölkə” adlandırdı, baxmayaraq ki, üç il
yarımdır onun dinc əhalisini qətlə yetirir”, – deyə nəşr yazır.
İkincisi, məqalədə qeyd olunur ki, Putin vaxt qazandı.
"Putin qoşunlarının cəbhə xətti boyunca irəliləməsi üçün daha çox
vaxt əldə etdi. Trampın yaxın günlərdə əlavə sanksiyalar tətbiq edəcək
qədər qəzəbli olub-olmadığı aydın deyil. Lakin Putin tələsmirdi, yeni
görüşlər və danışıqların davam etdirilməsini təklif etdi. Vaxt isə böyük
əhəmiyyət kəsb edir, çünki Putinin yay hücumu tədricən qazanılan
uğurların strateji qələbələrə çevrilməsinə yaxınlaşır”, – analizdə qeyd
edilir.
Eyni zamanda CNN bildirir ki, Ukrayna üçün vəziyyət daha pis də ola bilərdi.
"Nəticədə Ukrayna dəyişməyən bir dünyada oyanacaq. Dəhşətli bir
dünya, lakin ABŞ və Rusiya arasında qəfil yaxınlaşma və ya udulması
lazım olan bir razılaşma olmadan”.
Alyaskanın sahibi - Putin
Rusiya lideri Vladimir Putin Alyaskada ABŞ prezidenti Donald Tramp
ilə keçirdiyi mətbuat konfransında özünü sanki vəziyyətin sahibi kimi
aparırdı.
Bu fikri brifinqdə iştirak edən Sky News-un müxbiri Ayvor Bennet səsləndirib.
Bennet bunun onun iştirak etdiyi ən qeyri-adi mətbuat konfranslarından biri olduğunu bildirib.
O, qeyri-adi məqamlardan birinin Trampın mətbuatın heç bir sualına
cavab verməməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, yəqin ki, bu,
Putinin şərti olub və o, tez-tez belə edir. Bennet həmçinin bildirib ki,
rusiyalıların danışıqların altı-yeddi saat davam edəcəyini gözləməsinə
baxmayaraq, görüş "daha tez başa çatdı”.
O, xüsusilə maraqlı hesab etdiyi bir məqamı da vurğulayıb – mətbuat konfransında ilk çıxışı Putin etdi, "sanki aparıcı o idi”.
"O, Donaldı qonşu kimi qarşıladığını dedi, – yenə də göstərirdi ki,
burada əsas söz sahibi odur, qərarları o verir”, – deyə Bennet
bildirib.
O, həmçinin vurğulayıb ki, görüşün əsas şüarı "sülhə can atmaq”
idi, halbuki əslində Putin ABŞ-la ikitərəfli münasibətləri
yaxşılaşdırmağa çalışır.
Putinin Ukrayna münaqişəsinin "əsas səbəbləri”ni xatırlatması isə
onun "dəbdə olan ifadəsi”dir. Bu ifadə hələ də Rusiyanın qırmızı
xətlərinin dəyişmədiyini nəzərdə tutur – NATO-nun şərqə doğru
genişlənməsini istəmir və Ukraynanın daimi neytrallığa razılaşmasını
istəyir. Bennetin qənaətinə görə, Vladimir Putin heç bir güzəştə
getməyib, baxmayaraq ki, Donald Tramp bir çox məqamların
razılaşdırıldığını bəyan edib.
Putinə Melaniyadan şəxsi məktub
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp Vladimir
Putinə şəxsi məktub yazıb. Məktubda Ukrayna və Rusiyadakı uşaqların ağır
vəziyyəti məsələsi qaldırılıb.
Bu barədə Reuters, Ağ Evin iki nümayəndəsinə istinadla xəbər
verir.
Məlumata görə, Tramp məktubu Alyaskada keçirilən danışıqlar zamanı şəxsən Putinə təqdim edib.
"Rəsmi şəxslər məktubun məzmununu açıqlamırlar, yalnız Ukraynada
müharibə nəticəsində uşaqların qaçırılması məsələsinin qeyd olunduğunu
bildirirlər”, – deyə Reuters yazır.
Bundan əvvəl "The Times” yazmışdı ki, Rusiya Ukraynanın işğal
olunmuş ərazilərindən qaçırdığı uşaqlardan öz xalqına qarşı döyüşlərdə
istifadə edir. 2014-cü ildən bəri 35 mindən çox uşaq zorla aparılıb,
onların çoxu 18 yaşına çatdıqdan sonra Rusiya ordusuna cəlb olunur.
Putinlə görüşdən sonra Tramp bəyan etdi ki, Zelenskiyə saziş
bağlamağı məsləhət görəcək, amma təfərrüatları açıqlamadı. O əlavə etdi
ki, yaxın zamanda onun iştirakı ilə Zelenski və Putin arasında görüş
təşkil oluna bilər.
Razılaşma yoxdur, amma irəliləyiş var
ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir
Putinlə görüşdən sonra hazırda heç bir razılaşma olmadığını açıqladı.
Bunu o, Ankoricdə (Alyaska) Putinin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib.
"Mən inanıram ki, çox məhsuldar görüşümüz oldu. Bir çox məqamlar
var ki, onların üzərində razılaşdıq. Mən deyərdim ki, bir neçə vacib
məqam var ki, onları hələ tam reallaşdıra bilməmişik, amma müəyyən
irəliləyişə nail olduq. Buna görə də razılaşma yoxdur, ta ki, o əldə
olunana qədər”, – Tramp vurğulayıb.
ABŞ prezidenti bildirib ki, görüş haqqında zəruri hesab etdiyi
digər liderlərə, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskiyə və
NATO nümayəndələrinə məlumat verəcək. Tramp əlavə detalları açıqlamayıb.
Görüşdəki razılaşmalar 0, razılıq 10 bal
ABŞ prezidenti Donald Trampdan Vladimir Putinlə görüşü necə
qiymətləndirdiyi soruşulanda, o, sammitin "şəraitə baxmayaraq, təəccüblü
dərəcədə yaxşı keçdiyini” və "çox yaxşı görüş” olduğunu deyib.
"Fox News”a müsahibəsində Tramp
görüşü "10 ballıq” dəyərləndirib, baxmayaraq ki, əvvəlcə jurnalistlərə
"əgər bu gün atəşkəs əldə olunmasa, narazı qalacağını” demişdi.
"Məncə, görüş 10 ballıq idi, çünki biz çox yaxşı anlaşdıq. Bu
yaxşıdır ki, iki böyük dövlət – xüsusən də nüvə gücləri – yola gedə
bilirlər. Bilirsiniz, biz dünyada birinciyik, onlar ikinci. Bu çox
vacibdir. Bu çox vacibdir”, – Tramp bildirib.
O əlavə edib ki, Alyaskada keçirilən görüşdə vacib məsələlər üzrə razılaşma əldə olunmayıb.
Tramp bildirib ki, "bir və ya iki əhəmiyyətli məsələ” var ki, onlar üzrə Putinlə anlaşa bilməyib.
Eyni zamanda Tramp detalları açıqlamaqdan imtina edib.
Alpər