Valyuta məzənnəsi

“Qarabağ”ı QARA BAĞdan xilas etmək üçün...

Tarix:26-10-2018, 16:49

"Qarabağ” çox böyük problemlər məngənəsindədir. Ötən gün azarkeşlər "Vorskla” üzərində qələbəni gözləyirdi. Amma bunu düşünənlər komandada hiss olunacaq dərəcədə problemləri görmürdü.

Məsələn, həmkarlarımdan biri 0:1-dən sonra iki qol vurub qələbə qazanacağımıza hədsiz inam bəsləyirdi. Amma vəziyyət dünən heç də iki qol vuracaq səviyyədə yaxşı deyildi. Problemlər komandanın taktiki və texniki oyunu ilə heç də əlaqəli deyil.

Bu problemlərin kökü psixoloji duruma gedib-çıxır. Komandada psixoloji vəziyyət hədsiz dərəcədə bərbad vəziyyətdədir. Çox təəssüf ki, "Qarabağ” oyunöncəsi problemlərini həll etməyi bacarmadı. Bəlkə də, psixoloq deyiləm, amma bu amilləri görəcək səviyyədəyəm. Hansıdır "Qarabağ”ı QARA BAĞa salan həmin problemlər?

1. Dolu tribuna və stadion amili. Komanda az azarkeş önündə oynamağı bacarmır. Elə bilirsiniz ki, futbolçuların az qala hər açıqlamasında azarkeş amilini qabartması təsadüfidir? Bu futbolçular azca tribunanı boş görən kimi bildiklərini unudurlar, ayaqları top tutmur. "Arsenal”la oyunda göstərilən gözəl oyun nə tez unuduldu? Dolu tribunalarn önündə dünya nəhənglərindən biri ilə başabaş oyun.

Bu da bir başqa söhbət mövzusudur ki, BOS (Bakı Olimpiya Stadionu) həmişə BOŞ qalır. Bu stadionda oynamağa razılıq vermisənsə, boş tribunalardan şikayətlənmək də mənasızdır...

2. Hədsiz etibarlılıq sindromu. Qurban Qurbanov futbolçularına həddindən artıq güvən bəsləyir. O, bununla futbolçuları "sındırmamaq” metoduna əl atsa da, görünən odur ki, futbolçularda hədsiz etimadın fəsadları mövcud olur.

Mahir Mədətov nümunəsi buna bariz sübutdur. Hər oyundan sonra Qurban Qurbanov tərəfindən kim bu qədər dəstək görsə, yəqin ki, psixoloji problemini həll edib növbəti oyunlarda gözəl futbolu ilə yadda qalardı. Amma Mədətovda "baş məşqçi onsuz da arxamdadır, azarkeşlərin fikri mənə maraqlı deyil” kimi ironik düşüncə formalaşıb.

Hə, bir şeyi də qeyd edim. Kim bu alqışlarla meydana çıxsaydı, ən azı futbol adlı oyunun ekzotikasını meydanda hiss etdirərdi. Mahir fit və ya alqış altında meydana çıxmasından asılı olmayaraq, "hədsiz etibarlılıq” xəstəliyindən əziyyət çəkir...

Halbuki Qurbanov elə mətbuat konfransında narazı qaldığı futbolçuların adlarını çəksə, o futbolçular mütləq şəkildə bundan dərs çıxarardı.

3. "Səbail”lə oyunda məlum səhv. Peşəkar kluba yaraşmayan uşaq səhvi olduğunu "Qarabağ”a yaxın olan da, olmayan da yaxşı bilər. Bir səhv nəticəsində texniki məğlubiyyətlə üzləşmək məşqçilərdən tutmuş futbolçulara kimi sirayət etdi.

4. AMADA-nın oyundan bir gün əvvəl yeddi futbolçunu dopinq-testdən keçirməsi. Məsələ kim tərəfindən, hansı qurum tərəfindən bu sifarişin edilməsindən getmir. Onsuz da futbolun içində olanlar sifarişçini də yaxşı bilir. Söhbət odur ki, AMADA-nın "basqın”ı Qurban Qurbanov və futbolçuları üçün gözlənilməz olub. Hər halda mətbuat konfransında bu barədə sual verilməli idi. Bunda konfransda iştirak etmiş şəxs kimi özümü də günahlandırıram.

5. Milli komanda uğursuzluğu. Qurban Qurbanov milli komandadakı uğursuzluqdan bezib. Futbol ictimaiyyətinin, azarkeşlərin, AFFA-nın, mətbuatın təzyiqi mütəxəssisin illərdir yığdığı imicin pozulmasına gətirib-çıxarır. Milli komandanın pis ab-havasından, hətta deyərdim ki, pis aurasından sonra "Qarabağ”a köklənmək mütəxəssisə olduqca çətin gəlir. Qurbanovun beynində hədsiz düşüncələr var. Bu basqılar həll olunmalı problemləri həllolunmaza çevirir.

P.S. Mətbuat konfransında "Məlum səbəblərdən Hanes Haldourson oynamır. Qış fasiləsinə kimi onu qapıda görə bilərikmi?” sualımda "məlum səbəblər” dedikdə onun avtomobili ilə adam vurmasını nəzərdə tutmuşdum. Lakin Qurban Qurbanov sualı "niyə oyunda səhv edən Vaqneri oynadırsınız, Haldoursonu yox?” portretində görüb cavablandırdı. Yəqin ki, başqa vaxt olsaydı, Qurbanov sualı gözümdən oxuyardı... Bu, Qurbanovun psixoloji cəhətdən çox yorulduğunu göstərmirmi?/anews.az/

Oxunub: 286



XƏBƏR LENTİ