“Dünya çempionatı çox yaxşı keçdi. Güclü bir mübarizə getdi. Mundialda demək olar ki, bütün favoritlər iştirak edirdi. Bu səbəbdən asan döyüş olmadı”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Serbiyanın paytaxtı Belqradda dünya çempionu titulunu qazanan milli komandamızın üzvü Alfonso Dominqes (86 kq) deyib.
Avropa Oyunların qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mundialdakı çıxışını şərh edib: “Dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri də Belqrada qızıl medal üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi”.
Bir ay öncə azərbaycanlı xanımla ailə quran Asif Axundov klubunun üzvü bildirib ki, Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir: “Çempion olacağıma inanırdım. Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Qarşıdan Zəfər Günü gəlir. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”.
Qeyd edək ki, Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib. (apa.az)
YeniAN.az