Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 108,1 milyon ABŞ dolları təşkil etdib və tam təmin edilib. Bu ötən hərracda tələb olunan məbləğdən 6 milyon dollar daha çoxdur.
Ümumiyyətlə, fevral ayı boyunca keçirilən bütün hərraclarda bankların dollar tələbi 100 milyonun üzərində olub. Bu isə bir çox insanda manatın dollar qarşısında devalvasiyası ilə bağlı narahatlıq yaradır. Bir çoxları hətta mart ayında mütləq şəkildə devalvasiyanın olacağını iddia edir. Bəs görəsən yaxın zamanlarda manatın devalvasiya təhlükəsi həqiqətən varmı?
YeniAN.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, dollara olan tələbin artmasının müxtəlif səbəbləri var:
"Bütövlükdə fevral ayında Mərkəzi Bankın keçirdiyi hərraclarda dollara tələbin kəskin artması müşahidə olunur. Son hərraclarda ümumiyyətlə tələb ayrı-ayrılıqda 100 milyon dolların üzərindədir. Bu ondan xəbər verir ki, Azərbaycanda dollara tələb artmaqdadır. Təbii ki, bunun fərqli səbəbləri var. Əvvəla, mövsümi faktorlarla bağlı olaraq dollara tələbin artması qeydə alınır. Eyni zamanda idxalın artması da dollara tələbat yaradır. Sözsüz ki, yığımlarda da artım müşahidə olunur ki, bu da hərraclarda dollar tələbinin artmasına gətirib çıxarır”.
Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı yekun qərarın Mərkəzi Bank tərəfindən veriləcəyini bildirib.
"Manatın məzənnəsinin dəyişməsi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Azərbaycan hələ ki üzən məzənnə rejiminə keçmədiyi üçün Mərkəzi Bankın mövqeyi önəmlidir. Buna görə də manatın məzənnəsi ilə bağlı daha dəqiq qərarı Mərkəzi Bank verəcək”.