Valyuta məzənnəsi

Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər obyektiv olmalıdırlar

Tarix:16-03-2019, 16:19

Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər obyektiv olmalıdırlar
Azərbaycan Ordusunun gücünün, qüdrətinin artması, yüksəlməsi, eləcə də cəbhəboyu zonada keçirilən son genişmiqyaslı təlimlər Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olub. Ermənistan mətbuatında və sosial şəbəkələrdə Azərbaycan əsgərinin nüfuzunun gözdən salınması və erməni ictimaiyyətini çaşdırmaq məqsədilə qeyri-obyektiv, uydurma məlumatlar yayılır.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında deyib.

Ş.Ramaldanov bildirib: “Acınacaqlısı odur ki, düşmən tərəfinin təbliğatına dəstək verənlər arasında xaricdə məskunlaşan, ölkəmizin hərbi gücünün artmasına qısqanclıqla yanaşan üzdəniraq soydaşlarımızdan ibarət dırnaqarası hərbi ekspertlər də var. Təəssüflər olsun ki, bunların sırasında özünümüdafiə nazirinin keçmiş müavini kimi qələmə verən İsa Sadıqov da yer alır.

Son zamanlar o, çıxışlarında qeyri-obyektiv, həqiqətə uyğun olmayan, qərəzli və Azərbaycan Ordusunu nüfuzdan salmağa yönəlmiş əsassız fikirlər səsləndirir. Bunların bir məqsədi var - Azərbaycan Ordusunu uğur və nailiyyətlərinə kölgə salmaq və düşmən təbliğatına dəstək vermək.

Ordumuzda aparılan islahatlardan bixəbər olan bir şəxsin bu kimi fikirlər səsləndirməsi diletantlıqdan başqa bir şey deyil. Gəlin onun çıxışında qeyd olunan bəzi absurd fikirləri təhlil edək. O bildirir ki, Azərbaycan tərəfi Rusiyadan köhnə, keyfiyyətsiz silah-sursat, hərbi texnika alır. Qeyd edim ki, silah və hərbi texnikanın əldə edilməsi prosesi müvafiq qaydada həyata keçirilir. Bu, çox mürəkkəb və uzunmüddətli bir prosesdir. Lakin mən bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. İlk növbədə, alınan silah və hərbi texnikanın taktiki-texniki xassələri, tətbiq imkanları, onların Ordumuzun qarşısında duran döyüş tapşırıqlarının icrasına uyğunluğu dərindən öyrənilir, eləcə də etibarlığına zəmanət alınır və mərhələli şəkildə sınaq testləri keçirilir”.

Ekspert qeyd edib ki, Azərbaycanın aldığı hərbi texnika müasirliyi ilə seçilir, hərbi paradlarda nümayiş etdirilir və təlimlərdə tətbiq olunur. Bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Son illərdə Ordumuzun arsenalı Т-90S tankı, PDM-3, ZTR-82A, 152 mm-lik “Msta-S”özüyeriyən artilleriya qurğusu, 220 mm-lik ТОС-1A “Solntsepyok” ağır odsaçan sistemi, XRİZANTEMA-S özüyeriyən tank əleyhinə kompleksi, 120 mm-lik 2 S31 “Vena” özüyeriyən artilleriya qurğusu, OSA-1T zenit raket kompleksi, yüksək mobilliyi ilə seçilən BUK-МB zenit-raket kompleksi, S-300 FAVORİT çoxkanallı universal mobil zenit raket sistemi, 152 mm 2A36 “Geasint” yedəklənən toplar ilə zənginləşib. Bu haqda hər bir leytenant rütbəli zabit də bilir, amma nə üçünsə özünü polkovnik hesab edən şəxs bunları görmək istəmir.

Azərbaycanın hərbi gücünün, Ordumuzun isə döyüş qabiliyyətinin gündən-günə artdığını müdafiə və təhlükəsizlik sahəsində ixtisaslaşan nüfuzlu beynəlxalq təşkilatlar, hətta düşmənlərimiz də təsdiqləyir. Verilən son statistik məlumatlara görə Ordumuz 130 dövlətin silahlı qüvvələri arasında 50 parametrə görə 53-cü yerdə qərarlaşıb.

Daha sonra o deyir ki, ölkəmizin Rusiyadan aldığı aviasiya vasitələrinin idarəetmə sistemlərinin döyüş tapşırığının icrası zamanı istehsalçı ölkə tərəfindən bloklanması mümkündür. Qeyd edim ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviaparkındakı bütün növ aviasiya vasitələrinin idarəetmə sistemləri Türkiyə, Fransa, İsrail, Cənubi Afrika Respublikası kimi hərbi sahədə uğur qazanmış ölkələr vasitəsilə modernləşdirilərək ən müasir və yeni avadanlıqlarla təchiz edilib və istehsalçı ölkənin bu texnikanın idarəetmə sistemlərinə istənilən müdaxiləsi tam istisnadır.

Bundan əlavə o bildirir ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu guya ZTR-70-dən istifadə etdiyi zaman onların atəş-idarəetmə vasitələrinin fəaliyyəti düşmən tərəfindən radioelektron mübarizə vasitələri ilə müdaxilə edilərək məhdudlaşdırılmışdır. Bu fikir də tam absurddur. Çünki həmin təkərli texnika köhnə olduğundan Ordumuzun arsenalından çıxarılıb və ən yeni zirehli transportyor ZTR-82A ilə əvəzlənib. Və birdə ki, bu döyüş vasitələri mexaniki idarə olunduğundan onun atəş-idarəetmə vasitələrinə radioelektron mübarizə vasitələri ilə müdaxilə etmək mümkün deyil. İstənilən maxe və gizirdən bu barədə soruşsaq dərhal biləcək. Amma nəyə görəsə “tanınmış hərbi ekspert”in bu məsələdən də anlayışı yoxdur.

Mən bir hərbçi kimi İsa Sadıxovu və digərlərini obyektiv olmağa, absurd fikirlər söyləməklə düşmənin təbliğat maşınının istifadə vasitəsinə çevrilməməyə çağırıram.
Oxunub: 299



XƏBƏR LENTİ