Qanunvericiliyin tələblərinə uyğun olaraq polislərə qarşı şantaj, hədə-qorxu, təhqir və digər kampaniyalarla bağlı məsələlər ciddi şəkildə araşdırılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qərarlar qəbul edilməlidir.
Bunu Azvision.az -a hüquq müdafiəçisi, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Son günlər sosial şəbələlərdə müxalifətçilər tərəfindən polis əməkdaşlarının əleyhinə aparılan kampaniyaya münasibət bildirən Ə.Nuriyev vurğulayıb ki, dövlət qurumları bunun qarşısını almaq üçün fəallıq nümayiş etdirməlidir.
“Məsələlər obyektiv olaraq araşdırılmalı və hər bir araşdırma ilə bağlı şəffaf şəkildə cəmiyyətə məlumat verilməlidir ki, konkret olaraq sifariş hardan gəlib, məqsəd nə olub, edənlərin arxasında kimlər durub və necə planlaşdırılıb. Sosial şəbəkələr və KİV üzərindən hədə-qorxu, şantaj, ölüm və digər məsələlərlə polisi hədələmək qanunun kobud şəkildə pozulması deməkdir”.
Ə.Nuriyev əlavə edib ki, əgər sübut olarsa, cinayət qanunvericiliyi və İnzibati Xətalar Məcəlləsinin konkret maddələrinə uyğun olaraq iş qaldırıla və müvafiq araşdırma aparıla bilər: “İşlər məhkəməyə göndərilə və müvafiq qərarlar qəbul oluna bilər. Belə bir kampaniyanın başlanılmasının hansı sosial nəticələrə gətirib çıxaracağını düşünmək lazımdır. Əslində bu cür kampaniyanın aparılması polisləri bu işlərdən sadəcə çəkindirmək məqsədi daşıyır. Polis əmrə tabedir, onun vəzifəsi var. İstər Azərbaycan qanunvericiliyi, istərsə də ayrı-ayrı ölkələrin qanunvericiliyində polisin üzərinə ictimai qaydanın qorunması, vətəndaşların özlərini və əmlakını cinayətkar kəslərdən qorunması funksiyası daxil edilib və onlar bu funksiyasını yerinə yetirirlər. Bu gün ayrı-ayrı kəslərin apardığı kampaniya polisin öz funksiyasını yerinə yetirməkdən imtina etməsinə yönəlik çağırışlardan ibarətdir. Əslində bunun arxasında böyük məqsədlər durur".
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycanda heç kimə qanunvericiliyin tələblərini pozaraq hərəkət etmək azadlığı verilməməlidir. Hər kəs qanun qarşısında cavabdeh olmalıdır.
“Polislərin ölümlə hədələnməsi, onlara edilən hədə-qorxu, şantaj sübut olunarsa, bunu edənlərə uzun müddət azadlıqdan məhrumetmə cəzası verilə bilər. Konkret olaraq bunu məhkəmə müəyyənləşdirəcək. Polisi hədələyənlər ictimai qayda əleyhinə olan cinayətlərə, şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyətə cəlb edilə bilərlər. Əgər həmin şəxslərin və ya qrupların əməlində bu tərkib müəyyənləşdirilərsə, cərimədən tutmuş azadlıqdan məhrum etməyə qədər bütün cəzalar tətbiq oluna bilər”.
0