Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib.
YeniAN.info APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.
Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirmiş, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar.
Müzakirələr zamanı, həmçinin, müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.
ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi həmsədrləri regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlandırıb. Onun regionda ATƏT-in monitorinqlərinin bərpasına yönəlmiş hazırlıq prosesi ilə bağlı təklifləri həmsədrlər tərəfindən yüksək qiymətləndirilib.
Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.
Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.
Qeyd edək ki, müzakirələrdə ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
YeniAN.info