Valyuta məzənnəsi

Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyə olunması üçün Moldovaya xüsusi heyət ezam olunub

Tarix:10-03-2022, 19:58

Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyə olunması üçün Moldovaya xüsusi heyət ezam olunub

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.

Xarici İşlər Nazirliyindən YeniAN.az-a verilən xəbərə görə, İndiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 13 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişineu şəhərinə ezam olunub.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb.
Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur, onlarla Səfirlikdə və yerlərdə görüşlər keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla vətənə yola salınması təmin olunur.

Dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub.

YeniAN.az

Oxunub: 159



XƏBƏR LENTİ