Valyuta məzənnəsi

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Tarix:28-03-2023, 10:09

"Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb”.

Bunu İcmanın sözçüsü Ülviyyə Zülfiqar söyləyib.

Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Ülviyyə Zülfiqar qeyd edib ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.

Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir.

"Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır”, - deyə Qərbi Azərbaycan İcmasının sözçüsü bildirib.

Xatırladaq ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.

Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Oxunub: 98



XƏBƏR LENTİ