Valyuta məzənnəsi

Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olacağı gözlənilir

Tarix:7-02-2019, 13:43

Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olacağı gözlənilir
Azərbaycanda fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.

Sinoptiklərin xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 8-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi əsəcək. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, dağlıq ərazilərdə 9-12° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 9-12° isti, dağlarda gecə 1-4°, gündüz 6-9° isti olacağı gözlənilir.
Oxunub: 313



XƏBƏR LENTİ