Valyuta məzənnəsi

Bilgəh çimərliyinin bir hissəsində 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib

Tarix:12-02-2019, 16:02

Bilgəh çimərliyinin bir hissəsində 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib
Fevralın 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

AZƏRTAC xəbər verir ki, iməcilikdə nazirliyin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib. Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.

Aksiyada iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts tədbirin əhəmiyyətli olduğunu bildirib və ölkəsindəki təcrübələrdən danışıb: “Belə vacib tədbirdə iştirakdan məmnunam. Məqsədimiz plastik qablardan istifadənin azaldılması və yenidən emalını təşviq etməkdir. Çünki yaxın zamanlarda okeanlarda balıqlardan çox plastik tullantıların olacağı gözlənilir. Hər kəs bu tədbirdə iştirak etməlidir. Böyük Britaniyada supermarketlərdə elə bölmələr var ki, plastikdən istifadə olunmur. Bəzi mağazalarda polietilen torbaların istifadəsinə müəyyən məbləğ tətbiq olunur. Plastik qabların emalı üçün xüsusi müəssisələr fəaliyyət göstərir. Gələn həftə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun Azərbaycana səfəri zamanı Böyük Britaniyanın plastiklə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu, Böyük Britaniya və Azərbaycanın birgə həyata keçirdikləri qlobal çağırış kampaniyasına bir töhfədir”.

Nazirliyin sektor müdiri Mehman Nəbiyev deyib: “Plastik qablaşdırma tullantıları və polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu gün keçirilən aksiya da plastik tullantıların zərərli təsirlərinə diqqət çəkmək məqsədi daşıyır. Bu aksiyada maraqlı tərəflər, dövlət və özəl qurumları iştirak etdilər. Çirklənmiş ərazidən toplanan plastik tullantılar təkrar emal müəssisələrinə yönləndiriləcək. Ölkə başçısı “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”nı təsdiq etdi. Tədbirlər Planının təsdiq olunması nazirlik tərəfindən həyata keçirilən bu tədbirlərin daha davamlı, ardıcıl və digər aidiyyəti qurumlarla birgə koordinasiyalı idarə olunmasına kömək edəcək. Plastik tullantılardan istifadənin məhdudlaşdırılması dedikdə ondan istifadənin tamamilə ləğv edilməsi demək deyil. Buarada onların istifadəsinin azaldılması nəzərdə tutulur. Nazirlik bununla bağlı ötən ilin ortalarından etibarən bir sıra tədbirlər keçirib. Tədbirlər bu gün də davam edir. Hazırda plastik qablaşdırma tullantıların toplanması üçün nazirlik 37 şəhər və rayonda 153 belə konteyner yerləşdirib. Polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrlə görüşlər keçiririk. Həmin müəssisələr ölkəmizdə də mövcuddur. Həmçinin plastik qablaşdırma tullantıların idarə olunması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi ilə əlaqədar Böyük Britaniya səfirliyinin təşəbbüsü ilə nazirliyin iki əməkdaşı Böyük Britaniyaya gedəcək. Səfərin məqsədi dövlət, özəl qurumların plastik tullantıların idarə olunması ilə bağlı təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq nazirlik tərəfindən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri davam etdirilir.
Oxunub: 297



XƏBƏR LENTİ