Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə pensiya təyinatının elektron infrastrukturu qurulmaqla sosial təminat sahəsində ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bu günədək 7000 nəfərə elektron qaydada pensiya təyinatı aparılıb.
Pensiya yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün də təyin edilmiş pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla onlara məlumat verilib. Bununla da pensiya yaşı çatan vətəndaşların onlara pensiya təyin olunması üçün müxtəlif sənədlər toplamasına və hansısa quruma müraciət etməsinə ehtiyac olmadan onların pensiya hüququ reallaşdırılıb.
Bu il pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır.
Eyni zamanda, sosial müavinətlərin də avtomatlaşdırılmış təyinat mexanizminin yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər aparılır.