İndicə çox-çox ağır, üzücü xəbər aldım…
Yazdıqca da əllərim, bədənim, ruhum əsir, tir-titrəyir…
Mingəçevirli Şəhid qardaşlardan birinin-Şəhidimiz Musa Tural oğlu Həsənovun körpə fidanı-bir yaşlı İnci balası indicə dünyasını dəyişib…
İnci Musanın iki qızından biri idi…
Anadangəlmə qüsurlu idi, bir yaşı atasının Şəhadətindən, Şəhidliyindən sonra, bu ilin mart ayında tamam olsa da, bu müddət ərzində körpədə heç bir inkişaf getmirdi, getməmişdi…
Özüm də Musagildə olanda görmüşdüm, şahidi olmuşdum…
Və iki gün idi ki, balamız can verirdi, can çəkişirdi…
İndicə nənəsi, Şəhidlər anası Nəhayət bacım bu xəbəri-İncinin ölüm xəbərini verdi mənə…
Və sanki dünyam başıma uçdu…
Nə deyəcəyimi belə bilmədim (bilmirəm)…
Göz yaşlarımdan sözlər, kəlmələr belə boğazımda düyümləndi…
Dərd üstünə dərd…
Nəhayət bacımın səsi, naləsi, “Kamil, İnci öldü, canını tapşırdı…” sözü hələ də qulaqlarımdadır…
İki övladını, iki oğlunu itirmiş, iki oğlunu Vətən yolunda Şəhid vermiş dərdli ananın dərdinin üstünə daha bir dərd gəldi…
Bu dəfə də nəvə dərdi…
İncimiz, İnci balamız isə atasına, Şəhidinə, Şəhid əmisinə, Cənnətinə qovuşdu…
Bu həyatda bir an olsun belə gül üzü gülmədi, bəlkə heç olmasa, bundan sonra gül üzü atasının, əmisinin yanında, cənnətində güldü cənnətlə qoxulu İncimizin…
Bəlkə o dünyada, atasının, əmisinin yanında huzur tapdı İnci balamız…
Allah dərdli Nəhayət bacıma, dərddən beli bükülmüş Tapdıq dayıya, Şəhidimizin cavan, gənc yaşında dul qalmış xanımına səbrlər versin bu dərdi, bu dərdləri daşımaq üçün…
Cənnətin mübarək, cənnətqoxulum!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
YeniAN.az