Valyuta məzənnəsi

Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat

Tarix:4-03-2022, 11:30

Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan ərazilərdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.

Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən martın 3-dək olan müddət ərzində 870 hektardan artıq ərazi tam təmizlənib, 227 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.

Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14365 hektardan artıq ərazi tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9231 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat
Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat

YeniAN.az

Oxunub: 111



XƏBƏR LENTİ