Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
obyektivxeber.info-nun xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə rejissor və ssenarist Arif Qazıyevin məhkəməyə teleqram göndərdiyi elan edilib.
O, ərizəsində qeyd edib ki, səhhətində problemlər olduğu üçün məhkəməyə gələ bilmir.
Məlum olub ki, A.Qazıyev insult keçirib. O, teleqramda istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında olmuş telefon danışıqlarının çıxarılması üçün "Azercell”ə sorğu göndərilib.
Proses noyabrın 5-də davam etdiriləcək.