Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam rayon Ağsaqqallar şurasının növbəti iclası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər-gül dəstələri düzmüşlər.
İclası giriş sözü ilə açan Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan danışaraq qeyd etdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində bu qəbildən olan insanların fəaliyyəti danılmazdır.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar şurasının aparat rəhbəri Yaqub Mehdiyev respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açıb. Qeyd edib ki, ölkəmizdə ahıl vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb.
Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Sonra iclasda təşkilati məsələlərə baxılıb. Ağdam rayon Ağsaqqallar şurasının İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.
Səsvermə nəticəsində Əvəz Mikayılov Ağdam rayon Ağsaqqallar şurasının sədri, Bəhram Qurbanov və Aybəniz Cəfərova isə sədr müavinləri seçiliblər.