"Xezertv.info” xəbər verir ki, Azərbaycan Respublikası Gənclər
Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Gənclər
Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və
gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan
şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər
Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini
əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, NAYORA-nın
Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə Naxçıvan Gənclik
Mərkəzində baş tutan konfrans öz işinə Ulu Öndərin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himinin səsləndirilməsi ilə
başlayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun
icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev açılış nitqi ilə
çıxış edib və bununla da tədbirin rəsmi hissəsi başlayıb.
Rəsmi
hissədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər
Siyasəti və İdman Məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov,
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinin
icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və
NAYORA-nın sədri Azər Əliyev çıxış edib. Onlar öz çıxışlarında bu gün
müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider
Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
xüsusilə vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində
qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də
Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib
hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu
bildirilib.
Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə
Naxçıvan Dövlət Filarmoniyası Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət
konsert proqramı ilə çıxış edib. Daha sonra tədbir iştirakçıları Heydər
Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı gənclərin
və tələbələrin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd
edək ki, günün ikinci yarısı paralel panel müzakirələri ilə davam edib.
Moderatorluğunu Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun
Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural
Məmmədzadənin etdiyi paneldə YAP Naxçıvan Muxtar Respublikası
Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov, Naxçıvan Dövlət
Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Böyük Qayıdış
Gənclər Təşkilatının sədri Nail Şükürov, DAVAM Gənclər Hərəkatının sədri
Nihad Allahyarlı spiker qismində iştirak ediblər. "Heydər Əliyev və
Azərbaycan gəncliyinin təşkilatlanma prosesi” mövzusunda baş tutan panel
interaktiv formatda keçirilib, iştirakçıların ünvanladıqları çox saylı
suallar cavablandırılıb.
"İrəli” İctimai Birliyinin sədri Şahin
Rəhmanlının moderatoru olduğu "Heydər Əliyevin Azərbaycançılıq
ideologiyasının gənc nəslin sosial-mənəvi inkişafına təsiri” mövzusunda
keçirilən digər bir panelin spikerləri isə Azərbaycanlı Tələbə və
Məzunlar Platformasının sədr müavini Rafael Hacıbəyli, "Naxçıvan”
Universitetinin elm, innovasiya və beynəlxalq əlaqələr üzrə prorektoru,
təhsilin idarəedilməsi, təftişi, planlanması və iqtisadiyyatı üzrə
fəlsəfə doktoru Rza Məmmədov, "Naxçıvan qaziləri” İctimai Birliyinin
gənc üzvü Əli Əlisoy və Azərbaycan Könüllü Təşkilatları İttifaqının
sədri Yusif Vəliyev olublar.
Panel müzakirələrindən sonra xatirə fotosu çəkilib və konfrans işini yekunlaşdırıb.
Qeyd
edək ki, "Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransın məqsədi
Ulu Öndərin zəngin irsinin və həyat yolunun gənclər təşkilatları
arasında təbliği, həmçinin gənclərin bu istiqamətdə məlumatlılığının
artırılmasından ibarət olub.
Fərid Faiqoğlu
AJB-nin üzvü