"Xezertv.info” xəbər verir ki, 12 avqust tarixində Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər
Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə "Beynəlxalq
fəaliyyətlər ayı” çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində
"YouthLand23” tədbiri keçirilib.
Tədbirin
həyata keçirilməsində əsas məqsəd 12 avqust Beynəlxalq Gənclər Günü
münasibətilə gənclər üçün bir sıra əhəmiyyətli mövzularda təlim və
sessiyalar həyata keçirmək, həmçinin layihə ölkəmizdə yaşayan, təhsil
alan və ya işləyən beynəlxalq təşkilatların nümayəndələri və xarici
ölkələri təmsil edən gənclərlə, yerli gənclər təşkilatlarının rəhbər və
nümayəndələrinin qarşılıqlı əməkdaşlığını təmin etməkdən ibarət olub.
Tədbir
rəsmi açılış mərasimi ilə işinə başlayıb. Belə ki, ilk olaraq
NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, Beynəlxalq Gənclər Günü ilə
bağlı gəncləri təbrik etmiş və tədbir haqqında ümumi məlumat vermişdir.
Tədbirin rəsmi qonaqları AR Gənclər və İdman naziri Fərid Qayıbov, BMT
nin Resident Əlaqələndirmə ofisinin Rəhbəri Kanako Mabuchi, Millət
Vəkili Məzahir Əfəndiyev, AR Gənclər Fondunun İcraçı direktorunun
müavini Orxan Ərəbov olub.
Proqrama
uyğun "Effektiv qərarvermənin idarəçilikdə rolu” mövzusunda Orxan
Şahbaz, "IV Sənaye İnqilabı dövründə Emosional intellektin əhəmiyyəti”
mövzusunda Biznes kouç və təlimçi Elçin Əzimli, "Gənclərlə iş müxtəlif
ölkələrdə” mövzusunda beynəlxalq platformalı təşkilatların sədrlərinin
spikerliyi ilə panel müzakirəsi, "İdeyanın startapa çevrilməsi”
mövzusunda Orxan Abbasovun iştirakı ilə paralel sessiyalar keçirilib.
Təlimlər
sessiyası yekunlaşdıqdan sonra ölkəmizdə yaşayan, təhsil alan
əcnəbilərin təqdimatında mənsub olduqları ölkələrin, yerli gənclər
təşkilatlarının nümayəndələrinin təqdimatında isə təşkilatların sərgisi
baş tutub.
Qeyd edək ki, 150-ə yaxın gəncin iştirakı ilə baş tutan tədbirin yekununda əyləncəli yığıncaq keçirilib.