“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami, Xəzər, Nərimanov və Pirallahı rayonlarının məktəblərindən 180 şagird Naxçıvan Muxtar Respublikasına yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda toplaşan məktəblilər burada bayram əhval-ruhiyyəsi ilə qarşılanıblar. Tur-aksiya iştirakçıları bədii proqrama tamaşa ediblər. Milli geyimli qızlar musiqi və rəqs qruplarının müşayiəti ilə məktəbliləri Novruzun rəmzləri sayılan səməni və bayram xonçaları ilə yola salıblar.
Şagirdlər martın 26-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.
Sabunçu rayon üzrə qrup rəhbəri Azad Kələşov tur-aksiyanın əhəmiyyətindən danışaraq deyib: “Bu gün orta məktəb şagirdlərinin Naxçıvana növbəti maarifləndirici tur-aksiyası təşkil edilir. Bu layihə Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Biz dövlətimizin başçısının bu təşəbbüsünə görə ona minnətdarıq. Çox sevinirik ki, bizim əlaçı şagirdlərimiz bu aksiyada iştirak edirlər. Layihə gənclərin Vətənimizi daha yaxından öyrənməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayacaq. Belə gözəl tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayırıq”.
Suraxanı rayonu 3 nömrəli tam orta məktəbin şagirdi Emin İbrahimzadə deyib: “Bu gün yoldaşlarımla birgə qədim Naxçıvana səyahət edəcəyəm. Bu işdə əməyi olan hər bir kəsə, xüsusən də bizi düşündüyünə görə Prezidentimiz İlham Əliyevə həmyaşıdlarım adından təşəkkür edirəm. Ümidvaram ki, dərsliklərdən və digər mənbələrdən öyrəndiyimiz məlumatları əyani şəkildə görəcəyik”.
Nizami rayon məktəblisi Laçın Məmmədova bu layihədə iştirakından sevinclə danışıb: “Naxçıvana səfər etmək imkanı əldə etdiyim üçün çox sevinirəm. Muxtar Respublikanın qədim tarixi və abidələri haqqında kitablarda oxumuşam. Tur-aksiya çərçivəsində isə bu qədim diyarı öz gözlərimlə görə biləcəyəm. Naxçıvana getmək mənim arzum idi. Bizlərə belə imkan yaratdığı üçün ölkəmizin başçısına təşəkkür edirik”.
Digər şagirdlər də doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşdırılan tur-aksiyanın təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.
Sonra tur-aksiya iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.
Oxunub: 269