Aprelin 4-də Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Dövlət Bayrağı Meydanı ərazisindəki Daş Salnamə Muzeyində gənclərin iştirakı ilə “31 Mart, 1918-ci il: Tarixi həqiqətlər, gənclər unutmur” adlı maarifləndirici aksiya və anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının rəhbərləri və digər rəsmilər iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, Azərbaycanın tarixi həqiqətlərini gənc nəslə çatdırmaqdır.
Aksiya zamanı gənclərin iştirakı ilə canlı instalyasiyalar, soyqırımı ilə bağlı videofilm nümayiş etdirilib. Bakı Musiqi Akademiyasının tələbələrinin və Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin şagirdlərinin iştirakı ilə musiqili kompozisiya, gənc heykəltəraş və rəssamların əl işləri təqdim edilib.
Eyni zamanda, peşəkar gənc aktyor və tələbələrin iştirakı ilə kiçik pantomima tamaşası nümayiş etdirilib.
Tədbirdən sonra jurnalistlərə müsahibə verən gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərimizin tariximizi dərindən öyrənmələri, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından belə tədbirlərin böyük önəm daşıdığını vurğulayıb. “Bu cür tədbirlərin təşkili ermənilərin azərbaycanlılara qarsı törətdikləri ağır cinayətləri gənclərimizin unutmaması üçün çox vacibdir. Hazırda Azərbaycanın çox güclü, hər an torpaqlarımızı düşmən işğalından azad etmək iqtidarında olan Ordusu var. 2016-cı ilin Aprel döyüşləri bunu dünyaya bir daha nümayiş etdirdi”, - deyə İ.Babayev əlavə edib.
Nazir müavini, həmçinin gənc nəslin üzərinə mühüm vəzifə düşdüyünü, onların mübariz, təhsilli olmalarının vacibliyini diqqətə çatdırıb.