Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Vəkillər Palatasının dəvəti ilə Daşkənd beynəlxalq yaz hüquq forumunda iştirak edib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq arbitraj və məhkəmə icraatı, investisiyalar: fürsətlər və çətinliklər, dövlət planlaşdırılması, inzibati islahatlar və s. mövzuları əhatə edən ikigünlük forumda region ölkələrinin vəkillər assosiasiyaları, dövlət və qeyri-dövlət hüquq təsisatlarının rəhbərləri iştirak ediblər.
Forum çərçivəsində Azərbaycanın Vəkillər Kollegiyası ilə Özbəkistanın Vəkillər Palatası əməkdaşlıq sazişi imzalanıb.
Hər iki qurumun sədrləri Anar Bağırovun və Alim Ernazarovun imzaladıqları sazişdə Azərbaycanın və Özbəkistanın vəkillik təsisatları arasında əlaqələrin gücləndirilməsi, vəkilliyin inkişafı, hüquqi tənzimləmə sahəsində vəkilliyin rolunun gücləndirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, vəkillik sahəsində təcrübə, normativ-hüquqi aktlar, metodiki tövsiyələr və məlumat mübadiləsinin, konfransların, seminarların, mühazirələrin və praktiki məşğələlərin təşkili, vəkillərin peşə hazırlığı, ixtisaslarının artırılması və peşə səviyyəsinin təkmilləşdirilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri əksini tapıb.
Forumda çıxış edən Anar Bağırov Azərbaycanın Vəkillər Kollegiyasının xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsinə uyğun olaraq 1999-cu ildən tam müstəqillik əldə etməsindən və heç bir orqanın tabeliyində olmamasından danışıb.
Tədbirdə təmsil edilən ölkələrin bir çoxunda vəkillik təsisatlarının hələ də tam müstəqillik əldə etmədiyi halda Azərbaycanda Vəkillər Kollegiyasının tam müstəqil qurum olması forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Forum çərçivəsində Çin, ABŞ, Rusiya, Türkiyə, Belarus, Polşa Vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib.
Tədbirdən sonra Azərbaycan nümayəndə heyəti Özbəkistan Vəkillər Palatasının inzibati binası və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub.
Vəkillər Kollegiyasının nümayəndə heyətinə qurumun sədr müavini Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, vəkillər Cabbar Bayramov və Anar Qasımlı daxil ediliblər.