Valyuta məzənnəsi

Putinin rəqibi ilə bağlı MÜƏMMA

Tarix:24-10-2019, 17:28



Putinin rəqibi ilə bağlı MÜƏMMARusiyadan yeganə müxalifət lideri hesab olunan Aleksey Navalnı haqqında müxtəlif informasiyalar dövriyyəyə buraxılır.

Ümumiyyətlə, Navalnı daha çox qısamüddətli həbs olunmaları və qalmaqallı məhkəmə prosesləri ilə gündəmə gəlir. Onun Rusiyada hazırkı Prezidenti Vladimir Putinə tək alternativ olduğu deyilsə də, siyasi analitiklər buna birmənalı yanaşmır. Bir sıra ekspertlər hesab edir ki, Rusiyanın siyasi elektoratı ilə müqayisədə Navalnını dəstəkləyənlər o qədər də çox deyil və onun bu dəstək hesabına hakimiyyətə gəlməsi mümkünsüzdür.

Bəzi siyasi dairələr isə Navalnını güclü lider hesab edir. Hesab olunur ki, hazırda iqtidar onunla hesablaşır.

Siyasilərdən bəziləri, hətta Navalnının hakimiyyətin “layihəsi” olması ilə bağlı fikirlər də səsləndirir. Şübhə doğuran məqam onun həbsinin hər dəfə qısa müddətli olmasıdır. Qeyd edək ki, Navalnı son olaraq bu ilin 2 iyulunda həbs olunub. Belə ki, Moskva şəhərinin Xoroşevski rayon məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnını ictimai tədbirdə iştirak qaydasını təkrar pozduğuna görə 10 sutkalıq həbs edib. İttiham tərəfinin versiyasına görə, iyunun 12-də polis tərəfindən şərlənmiş jurnalist İvan Qolunova dəstək yürüşü zamanı Navalnı küçənin bağlanmasında iştirak edib, habelə siyasi şüarlar səsləndirib. Navalnının ofisindən isə məhkəmənin onun günahını sübut edə bilməməsi ilə bağlı bəyanat yayılıb.
Navalnının ən qalmaqallı, eyni zamanda siyasi “səhnədə” məşhurlaşmasına səbəb olan həbsi 2018-ci ildə Prezident Putinin inauqurasiyasına etiraz etmək məqsədilə keçirilən küçə nümayişlərində həbs olunması oldu. Navalnı Moskvanın mərkəzində keçirilən etiraza gəlib çatmadan, müttəfiqi Nikolay Lyaşkin və 350 tərəfdarı ilə birlikdə həbs olundu. Siyasi şərhçilər hesab edir ki, bu həbs Navalnını müxalifətin lideri etdi.

Navalnı Putinlə müqayisədə zəif tərəf kimi görünür. Nəzərə alsaq ki, Putinin əlində olan resurslar kifayət qədər çoxdur, bu amil belə müxalifətin liderini zərərsizləşdirməyə yetərlidir. Digər tərəfdən Navalnının məhz Rusiya iqtidarının “layihəsi” olduğu ilə bağlı deyilənlərə istinad etsək, burada real siyasi mübarizədən söhbət belə gedə bilməz. Əgər Navalnı deyildiyi kimi “Qərbin adamı”dırsa, bu halda da ciddi şansa malik deyil.

“Əl-Cəzirə” isə yazır ki, Qərbin liberal demokratik modeli böhran vəziyyətindədir, Baltikdən Adriatik dənizlərinə qədər olan Şərqi və Mərkəzi Avropa qonşuları Rusiyanın özünü daha çox xatırladan liberalizm və avtoritarizm variantları ilə üzləşir. Qərb Prezident Donald Trampın Suriyanı effektiv şəkildə təslim etdiyi kimi, Ukraynanı da ona təhvil versə, Putin daxildə ictimai etimad rəyini artıra bilər.

Maraqlıdır, Navalnı Putinin həqiqi rəqibidirmi? Yoxsa Rusiyada qarışıqlıq törətmək üçün ortaya atılmış fiqurdur?

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə şərhində Aleksey Navalnının daha çox Qərbin “adamı” olduğunu deyib:



“O, tez-tez Avropada olur və oradan tapşırıqlar alır. Təbii ki, Rusiya böyük dövlət olduğu üçün bir Navalnı orada nəsə edə bilməyəcək. Putin Navalnı layihəsini əvvəldən bilirdi və ona görə də Rusiya Xalq Cəbhəsi yaradıb. Həmin cəbhə yerlərdə daha çox kim ki, Putin siyasətini şantaj etmək istəyirsə, narazılıq yaradırsa onları bir növ sıradan çıxardır. O, cümlədən də Navalnının özünü də kifayət qədər oyundan uzaqlaşdırıblar. Layihə Rusiyaya məxsus deyil. Siyasətçi kimi Aleksey Navalnı savadsız deyil, kifayət qədər hazırlıqlı adamdır. Onun qardaşının adında biznesi də var. Amma bütün hallarda Rusiya ona bizneslə məşğul olmağa icazə verib. Navalnının kifayət qədər siyasi elektoratı da yoxdur. Amma müəyyən qüvvələr var ki, Navalnı ilə işləyir. Bütün hallarda Navalnı yeganə müxalifət lideri hesab olunur. Rusiya isə bundan daha çox Qərbə özünün demokratik imicini göstərmək üçün istifadə edir. Navalnının Rusiyada nəyisə dəyişəcəyi inandırıcı görünmür”.

Oxunub: 244



XƏBƏR LENTİ