Valyuta məzənnəsi

Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması..

Tarix:21-08-2018, 12:30

Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması..


Rusiya KİV-i Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ətrafında başlayan müzakirələrdən yazdı; düşmən ölkədə əksinqilab təlaşı artır; erməni nəşri: “Erməni xalqı döyüşü qəbul edəcək, ölkənin Kremlin qəyyumluğuna qayıdışına imkan verməyəcək...”

Rusiya ilə Ermənistanın yeni rəhbərliyi arasında hökm sürən qarşılıqlı etimadsızlıq ab-havası davam edir. Sabiq prezident Robert Köçəryanın qısa müddətli həbsdən sonra azadlığa çıxması vəziyyəti bir qədər də tündləşdirib. Eyni zamanda Moskvanın qərbyönlü Paşinyan iqtidarına qarşı hansısa ssenarinin işə salındığı haqda ehtimalları gücləndirib. Erməni və Rusiya KİV-də getmiş təhlili yazılardan öncə bu qənaət hasil olur.

*****

“Köçəryanın İrəvanın xarici siyasəti ilə bağlı narahatlığı - Moskvanın narahatlığıdır, əsla Köçəryanın yox”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə armenianreport.com portalındakı dünənki baş məqalədə deyilir.

“Ermənistanda heç kimin gözləmədiyi inqilab baş verdikdən sonra ölkənin ən mənfur siyasi xadimlərindən biri, yeri müttəhimlər kürsüsü olan, çoxdan güllənmə maddəsini haqq eləmiş Robert Köçəryan hakimiyyətə qayıtmaq və ”məxməri inqilab"ın bütün cücərtilərini və uğurlarını məhv eləmək niyyətindədir. Bu zaman o, öz məramını belə izah edib ki, guya ölkənin xarici siyasəti ilə bağlı narahatdır". “Hesab edin ki, mən artıq qayıtmışam” deyib Köçəryan" - məqalədə bildirilir.

Paşinyan putin ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, baş nazir Nikol Paşinyan az öncə çıxışlarının birində “Rusiya Ermənistandakı yeni vəziyyətə adaptasiya olunmalıdır” ifadəsini işlədib. Bu da ilk növbədə Moskvaya ünvanlı ultimativ bir mesajdır ki, Ermənistanda guya müstəqil hakimiyyətin varlığı və onun yeni daxili-xarici siyasəti ilə Kreml hesablaşmalıdır. Paşinyan iqtidarının əsas rəqibləri, xüsusən də təzəcə Moskvanın müdaxiləsi ilə azadlığa çıxan Köçəryan elə bu bəyanatdan yapışıb. Daşnaklara məxsus telekanala verdiyi müsahibəsində Köçəryan həmin sözlərə görə Paşinyanı siyasi naşılıqda ittiham edib.

Bu kontekstdə məqalə müəllifi daha sonra yazır: “Bizim xalqda yəqin ki, Köçəryan qədər nifrət doğuran ikinci siyasətçi yoxdur. Hətta Serj Sərkisyana ondan az nifrət edirlər. Və bunun səbəbləri var. Söhbət təkcə 1 mart 2008-ci il qırğınından gedir. Hamımız xatırlayırıq ki, Köçəryan mütləq hakimiyyətə 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsindən sonra nail olub. Nə vaxt ki, onun qeyri-leqal əmiri ilə əsas siyasi rəqibləri - parlamentin o vaxtkı spikeri Karen Dəmirçyan və o vaxtkı baş nazir Vazgen Sərkisyan güllələndilər. Məhz Köçəryanın dövründə ölkədən kütləvi köç başladı. Onun idarəçilik illəri Ermənistanda durğunluq və tiraniya ilə, repressiya və korrupsiyanın güclənməsi ilə, vətəndaş azadlıqları və şəxsiyyət hüquqlarının məhvi ilə müşayiət olundu. Ən əsası, Köçəryan Ermənistanı Rusiyanın forpostuna çevirdi və bu illər ərzində öz hakimiyyətini məhz süngü ucunda qoruya bildi”.



Nəşr Köçəryanın məhz “Rusiyanın Ermənistandakı nüfuzuna ciddi zərbə vurulduğu vaxt” siyasətə qayıdışını təsadüfi saymır: “Ermənistanın yeni hakimiyyəti daha Moskvanın ”kiçik qardaşı" olmaq istəmir, Odur ki, yavaş-yavaş da olsa, inamlı şəkildə Qərblə, o sırada Avropa Birliyi ilə, NATO və ABŞ-la yaxınlaşma kursu götürüb. Bu isə Kremli narahat etməyə bilməz. Bu üzdən o, Ermənistanı öz orbitində saxlama üçün “Köçəryanın qayıdışı” adlı layihəni reanimasiya edib. Heç təsadüfi deyil ki, Köçəryan siyasətə İrəvanın xarici siyasətindən narazılıq şüarı ilə qayıdır. Əslində isə Köçəryanın ölkənin xarici siyasət kursu ilə bağlı narahatlığı Moskvanın narahatlığıdır, əsla Köçəryanın yox. Əgər Rusiya Ermənistanda əksinqilab həyata keçirsə, o zaman onun başında Köçəryanı oturdacaq. Bununla həm Ermənistanı öz orbitində saxlayacaq, həm də əlaltısını müttəhimlər kürsüsündən xilas edəcək. Ancaq Moskvanın əlaltısı öz kürsündə duruş gətirə biləcəkmi? Çətin. Bunu artıq “məxməri inqilab” göstərdi. Bizim geri çəkilməyə yerimiz yoxdur. Demək, erməni xalqı döyüşü qəbul edəcək və ölkənin Kremlin qəyyumluğuna qayıtmasına imkan verməyəcək".

*****

Ancaq Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı ciddi iradə ortaya qoysa, doğrudanmı ermənilər buna müqavimət göstərmək gücündədirlər. Tarix göstərir ki, yox. Əlbəttə, Azərbaycan üçün Xocalı canisinin hakimiyyətə qayıdışı yaxşı heç nə vəd eləmir. Necə deyərlər, “ilanın ağına da lənət, qarasına da”. Biz köçəryanların, sərkisyanların hakimiyyət dönəmində Qarabağ məsələsinin necə qəlizə salındığını da yaxşı bilirik.



Bu mənada əslində Paşinyan iqtidarı hələ ki “bağlı boğça” sayıla bilər. İkinci yandan, Nikol Paşinyanın qərbyönlü kursu hansısa məqamda bizə hərb yolu torpaqlarımızın daha bir qismini azad eləmək fürsəti də yarada bilər. Köçəryanın dövründə isə Rusiya buna imkan verməz. Hər halda, görünən budur ki, Moskvanın “Köçəryan layihəsi”, deyəsən, işə düşüb, Moskva Köçəryan tərəfdə Paşinyana qarşı müharibəyə qoşulub. Bu da Azərbaycan üçün yeni situasiya anlamına gəlir. Bu fonda isə Bakıda “Rus NATO-su” sayılan KTMT-yə Azərbaycanın mümkün üzvlüyü ilə bağlı deputat Əli Hüseynlinin təklifi Rusiyada maraqla qarşılanıb.

*****

“Diqqətçəkicidir ki, Azərbaycanın KTMT-yə üzvlüyü haqda ölkədə açıq diskussiya başlayan kimi Ermənistanın ”xalq baş naziri" Nikol Paşinyan prezident Vladimir Putinə zəng edib. Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər “ikitərəfli əlaqələrə dair gündəmin bəzi aktual məsələləri”, həmçinin ümumi inteqrasiya birliklərində, o sırada KTMT çərçivəsində qarşılıqlı uzlaşma məsələlərini müzakirə ediblər".

“Yeni Müsavat”ın məlumatına görə, bu fikir dünən Rusiyanın rosbalt.ru nəşrində Azərbaycanın “Rus NATO-su”ma qoşulmasının mümkünlüyü haqda təhlili məqalədə yer alıb. Məqalədə deyilir: “Putin-Paşinyan söhbəti haqda kasad informasiyaya rəğmən, bir şeyi qeyd eləmək lazım gəlir: məhz KTMT mövzusu xüsusi diqqətdə olub. İndi İrəvanda oturub fal açırlar, görəsən, Paşinyan Putinlə danışıq zamanı Azərbaycanın təşkilata mümkün üzvlüyü və Rusiyanın ona reaksiyası məsələsini qaldırıbmı? Lragir.am erməni nəşri isə bu xüsusda erməniləri sakitləşdirməyə çalışıb. ”Azərbaycanın üzvlüyü KTMT-də qüvvələr balansını türk amilinin xeyrinə dəyişəcək, o üzdən Putin çətin ki, bu məsələni ciddi müzakirə eləsin. Hərçənd keçici oyunlar istisna deyil. Odur ki, yaranmış vəziyyətdə İrəvan əlini daima nəbzdə saxlamalıdır ki, proseslərin mühüm inkişafını qaçırmasın. Görünür, məhz bu məqsədlə də Paşinyan Putinə zəng edib" - lragir yazıb. Nə demək olar? Bəxtiyar o kəsdir ki, inanır və ya başqasını oynadır" - rosbalt.ru əlavə edib.

Bu oyunda kimin udub, kimin uduzduğunu isə tezliklə biləcəyik. Çünki gerisayım artıq başlayıb...

Oxunub: 389



XƏBƏR LENTİ