Türkiyənin Bursa vilayətində Yıldırım rayonunda iki qrup arasında münaqişə baş verib. Baş vermiş silahlı insidentdə biri polis olmaqla, 5 nəfər yaralanıb.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Twıtter hesabında yazıb.
Nazir bildirib ki, tərəfləri ayırmaq üçün polislər müdaxilə edib.
S.Soylu yaralanan polisin xəstəxanaya aparıldığını yazıb və qeyd edib ki, həkimlərin bütün cəhdlərinə baxmayaraq polis şəhid olub.
“Çürükbeyinlilər, məmnunsunuzmu?” – deyə, yazan nazir bir həftədir Türkiyə polisinin hədəfə alınmasına etiraz edib və bildirib ki, bütün bu hücumlara rəğmən əhali arasında ictimai asayişin qorunması davam edəcək.
Qeyd edək ki, dünən də Diyarbəkirin Bağlar rayonunda polisin "dayan” əmrinə tabe olmayan silahlı şəxs atəş açaraq polisi öldürüb.
YeniAN.info