Valyuta məzənnəsi

Badarmdar sürüşməsi - varlılar villalarına qayıdır

Tarix:27-10-2018, 18:33

Ərazidən keçən avtomobil yolu nə zaman açılacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında monitorinqləri davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən “Yeni Müsavat” a bildirilib ki, sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir. Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Eləcə də Masazır, Zığ şosesi, Bayılda Buxta küçəsində olan sürüşmə sahələrində aktivlik qalmaqdadır. Mütəxəssislər bildirirlər ki, bu gündən etibarən havaların kəskin şəkildə soyuması sürüşmə zonalarında vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Lakin bütün bunlara baxmayaraq, hazırda hər gün xırda da olsa uçqunların baş verdiyi ərazidə sakinlər evlərindən çıxarılmayıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, sürüşmə sahəsində yerləşən 11 evin sakinləri, eləcə də dağ silsiləsində villaları olanlar qayıdıblar. Qeyd edək ki, Badamdar yolunun üstündə xeyli villalar var ki, sürüşmə onlara da gec-tez təsir edəcək.

Mənbəmiz bildirib ki, hələ sürüşmənin indikindən aktiv olduğu, torpaq uçqunlarının baş verdiyi günlərdə ərazidə 10-a yaxın “KamAz” işləyirdi: “Torpaq axını baş verən günlərdə ərazinin üst hissəsində texnikalar işləyirdi. Orada kimsə ev tikmək istəyirdi. Sürüşmə baş verdikdən sonra gəlib, tikinti materiallarını başqa yerə daşıdılar. Həmin ərazidə 10-a yaxın ”KamAz" işləyir, materialları daşıyırdılar".

Mənbəmiz bildirib ki, təhlükəli zonada yerləşən 11 evdən yalnız birində məcburi köçkün ailəsi yaşayır: “Bu evlərdən birində məcburi köçkün ailəsi qalır. Onlar da bildirdilər ki, getməyə yerləri olmadığı üçün evdən çıxmayacaqlar. Digər evlərdə isə hər gün mühafizəçi də olsa qalıb. Sürüşmə baş verən kimi bu mənzillərə elektrik verilişi dayandı. Mənzillərin demək olar ki, hamısında generator sistemi var. İşıqlar sönən kimi generatorlar işə düşdü. İndi də bu evlərə elektrik enerjisi verilməsə də, hamısının gecələr işığı yanır. Yəni indi də evlərdə yaşayış mövcuddur. Evlərin hamısının mühafizəçisi, nəzarətçiləri var”.

Onu da xatırladaq ki, Bayıl yamacında sürüşmə baş verdiyi zaman sakinləri məcburi qaydada, gecə ilə evlərindən çıxardılar. Badamdardakı villaların sakinlərinə isə sadəcə olaraq, evlərindən çıxmaları üçün xəbərdarlıq edildi...

Sürüşmə səbəbindən artıq 10 gündən çoxdur ki, ərazidən keçən avtobusların da hərəkət trayektoriyası dəyişdirilib. Bu isə yaxınlıqda və Bayıl ərazisində yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, marşrut xətlərinin yolu uzandığı üçün mənzil başına gecə çatırlar. Eyni zamanda yol bağlı olduğu üçün Bayıl istiqamətindən şəhərə gələn avtobuslar “Azneft” dairəsinə girmək məcburiyyətində qalırlar. Bu isə ərazidə pik saatlarda tıxacların yaranmasına səbəb olur.


Bəs sürüşmə ərazisindən keçən yol açıla bilərmi?

Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, hazırda ərazidə xırda uçqunlar baş verir: "Lakin buna baxmayaraq yolun təmizlənərək, açılması mümkündür. Sürüşmənin qaş hissəsi tərəfdə xırda uçqunlar baş verir. Ancaq yol hissədə heç bir uçqun yoxdur. Bu məlumatı hər gün veririk. Yolun bu qədər vaxt bağlı qalmasını biz də istəmərik. Belə etmək olar ki, gündüz saatlarında yolu açsınlar, gecə saatlarında isə bağlasınlar. Yolu açmaq üçün əraziyə texnika cəlb edilərsə, bunun da heç bir problemi olmaz".


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a söylədi ki, yolun bağlı qalması Səbayel Rayon İcra Hakimiyyətindən asılıdır. Bu işə onlar baxırlar.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə “Yeni Müsavat”a söylədi ki, əgər müvafiq qurumlar rəsmi qaydada heç bir təhlükənin olmadığını bildirsələr, avtobusların hərəkət trayektoriyası dəyişdirilərək, əvvəlki vəziyyətinə qaytarılacaq: “Orada təhlükəsiz hərəkətin mümkünlüyü tam müəyyən olunduqdan sonra biz də avtobusların hərəkət trayektoriyasını dəyişəcəyik. Hansısa qurum şifahi şəkildə orada təhlükəsiz vəziyyətin olduğunu deyirsə, bu, bizim üçün kifayət etmir. Rəsmi qaydada açıqlanmalıdır ki, ərazidə nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir”.


Ekspert Əzim Məsimov mövzu ilə bağlı söylədi ki, hazırda həmin yolun açılması çox təhlükəlidir: “Birincisi, orada proses dayanmayıb. İkincisi də oradan nəqliyyat vasitələrinin keçməsi sürüşməni sürətləndirə bilər. Çünki nəqliyyat vasitəsi keçən zaman istər-istəməz silkələnmə olacaq. Bundan da əlavə havaların kəskin soyuması, yağıntının olması sürüşmənin bir qədər də aktivləşməsinə səbəb olacaq. Çünki həmin ərazidəki torpaq kütləsi sudan doyub. Yağıntı olan kimi ağırlaşıb, sürüşəcək”.

Əli RAİS,

Oxunub: 301



XƏBƏR LENTİ