Valyuta məzənnəsi

“Yatmış polisləri çəkib internetə yerləşdirdim, şərləyib həbs elədilər”

Tarix:28-10-2018, 17:33

Şəkinin Kiş kəndinin sakini olan Dilqəm Kərimli Meydan TV-yə danışır ki, Şəki Rayon Dövlət Yol Polisinin xidmət vaxtı elə xidməti avtomobildə yatan əməkdaşlarını çəkib “youtube” kanalına yerləşdirdiyi üçün işgəncələrə və həbsə məruz qalıb.
Dilqəm Kərimlinin 25 yaşı var, anadangəlmə epilepsiya və psixi xəstəliklərdən əziyyət çəkir, 2-ci qrup əlildir. Atası Adil Kərimli isə hərbi əlil və prezident təqaüdçüsüdür. Dilqəm Kərimli danışır ki, 2017-ci ilin 21 avqustunda qonşusuyla birlikdə Şəki Şəhər Dövlət Yol Polisinə gedib ki, birinciyə məxsus avtomobili cərimə meydançasından çıxarsınlar. Ancaq idarədə onları qarşılayacaq əməkdaş tapılmayıb. Daha doğrusu, əməkdaşlar idarədə olub, ancaq yatmış vəziyyətdə… Dilqəm Kərimli danışır:

“Rəis öz otağında yatmışdı, qarovulçu da öz otağında… Çıxdıq həyətə, gördük ki, iki yol polisi də “Hunday” markalı xidməti maşında yatıb. Maşına yaxınlaşıb şüşələrini bir neçə dəfə tıqqıldatdım. Ancaq necə möhkəm yatmışdılarsa, oyada bilmədim. Mən və qonşum şüşələri döyəcləsək də, ayılmadılar. Telefonu çıxarıb yatmış polisləri çəkdim. Sonra maşını cərimə meydançasından çıxarmaq üçün sənəd verməli olan əməkdaş gəlib çıxdı, sənədi alıb idarədən uzaqlaşdıq”.

Elə həmin gecə, necə deyərlər, Dilqəmin əli dinc durmayıb. Gündüz çəkdiyi videonu “Youtube” kanalına yükləyib. Yüklənmiş videonun “səsi” 10 gün sonra çıxıb.

Dilqəm deyir, polis şöbəsi rəisinin kabinetində bir qolunu DYP rəisi, digər qolunu başqa əməkdaşı buraraq saxlayıb, Şəki Rayon Polis şöbəsinin rəisi isə onu döyüb.

Avqustun 31-də polislər Dilqəm Kərimlini Şəki Şəhər Məhkəməsinə gətiriblər. Burada hakim Kamran Süleymanovun sədrliyi ilə Şəki Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə baxılıb. Məlum olub ki, Dilqəm Kərimli Şəki polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri ilə inzibati məsuliyyətə cəlb edilib. Bu barədə tərtib olunmuş protokolda göstərilib ki, Dilqəm Kərimli 30 avqust 2017-ci il tarixdə Şəki Şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati binasının avtomobilləri müvəqqəti saxlama yerinin qarşısında ucadan nalayiq sözlər işlədib. Həmin vaxt orada olan yol polisi əməkdaşları onu nizam-intizama dəvət edib. O isə qanuni tələblərə riayət etməyib, tabesizlik göstərib, buna görə də barəsində saxlanma qərarı verilib.

Dilqəm Kərimlinin sözlərinə görə, məhkəmədə şahid qismində elə onu döyən polislər ifadə verib. Hətta onların arasında xidməti maşında yatarkən telefonla çəkib yaydığı iki yol polisi Rauf Əhmədovla Seymur Şəfiyev də olub.

Dilqəm Kərimlinin 10 günlük inzibati həbs cəzası başa çatdıqdan sonra azadlığa buraxılsa da, deyir, rayon polisi onu hələ də rahat buraxmır.

Oxunub: 291



XƏBƏR LENTİ