Dəfələrlərlə şahidi olduğumuz təəssüf doğurucu mənzərənin – ağacların qanunsuz şəkildə nəinki kəsilməsinin, hətta həmin ağacların kökündən çıxarılaq izi itirmək istəyən halların şahidi olmuşuq. Belə neqativ hallarla hər zaman rastlaşaq da, hələ də heç bir tədbirin görülməsi müşahidə olunmur. Elə bu səbəbdən də ardı-arası kəsiləməyən kütləvi “ağac qətliam”ları tez-tez baş verir.
RealMedia.az olaraq bir neçə müddət bundan öncə Beyləqan rayonunda da ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı yazı dərc etmişdik. Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlamışdıq.
İradə xanım isə RealMedia.az-a açıqlamasında məsələnin araşdırılacağını və nəticələri barədə məlumat veriləcəyini bildirmişdi. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Baxış keçirən zaman əməkdaşlar həmin ağacların kimlər tərəfindən kəsilməsi faktını “araşdırarkən” belə bir “qənaətə” gəliblər ki, ərazidə kəsilən ağacları sakinlər məhv ediblər. Bu hal isə sakinlərin kütləvi etiraz və narazılığına səbəb olub. Sözügdən qurumun əməkdaşları da vəziyyətin gərginləşdiyini görüb fikirlərindən daşınıblar.
Araşdırmalarımız zamanı sakinlərin deməsinə görə, həmin ağaclar İcra Hakimiyyətinin göstərişinə əsasən kütləvi şəkildə kəsilib. Sən demə, bu “yaşıl soyqırım” rayonda aparılan abadlıq işləri ilə əlaqədardır. Yəni, rayonda “abadlıq – quruculuq” işləri həyata keçirildiyindən, ağacların kəsilməsi zərurəti yaranıb. Adətən aparılan abadlıq işləri zamanı ilk növbədə yaşıllıqlar salınır, ağaclar əkilir. Ağacların kəsilərək hər hansı bir ərazinin abadlaşırılmasını isə birinci dəfədir ki, eşidir və görürük.
QEYD: Ulu Öndər Heydər Əliyevin hər kəsə örnək və dərs olacaq çıxışı var: “Bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi? Kəsilən ağacları bərpa etmək çətindir. Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq – ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada baqqal dükanları tikənlərin, özləri üçün xüsusi mülklər salanların hamısını qovmaq lazımdır, oranı uçurtmaq lazımdır.”