Valyuta məzənnəsi

Əhalinin sağlamlığının qorunması və koronavirusla mübarizənin gücləndirilməsi QAYDASI - PREZİDENTİN FƏRMANI

Tarix:19-03-2020, 16:57

Əhalinin sağlamlığının qorunması və koronavirusla mübarizənin gücləndirilməsi QAYDASI - PREZİDENTİN FƏRMANI


Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi Qaydaları haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb. YeniAN.info-nun məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılsın.

2. “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

1. Ümumi müddəalar

1.1. Bu Qayda Koronavirusla Mübarizəyə Dəstək Fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının (bundan sonra – koronavirus) yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.

2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;

2.1.2. fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;

2.1.3. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.

2.3. Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.

2.4. Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.

2.5. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.

2.6. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

2.7. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.7.1. tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

2.7.2. tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

2.7.3. xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

2.7.4. nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

2.7.5. tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

2.7.6. tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

2.7.7. təbliğat və maarifləndirmə işlərinə;

2.7.8. koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

2.8. Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

3. Müəyyən edilsin ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin."

Oxunub: 213



XƏBƏR LENTİ