Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşadır.
YeniAN.info Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu gün Ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.
Güclü müdafiə qüdrətinə malik olan muxtar respublikamızın hava məkanı Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələri tərəfindən etibarlı müdafiə olunur. 24 saatlıq döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə bölmələri düşmənin istənilən hava hücum vasitəsini aşkar, müşayiət və məhv etməyə qadirdir. Bütün bunlarla bərabər hava hücumundan müdafiə bölmələrində xidmət etmək hərbi qulluqçulardan operativlik və sayıqlıq tələb edir.
Zabit Hümbət Məmmədli dedi ki: “Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələri Naxçıvan Muxtar Respublikasının dövlət hava sərhədlərinin qorunması məqsədi ilə sutkanın 24 saatı tam və fasiləsiz olaraq döyüş növbətçiliyi aparır. Xidmət etdiyim hava hücumundan müdafiə bölməsi müəyyən olunmuş uzaqlıq və hündürlüklərdə düşmənin hava hədəflərini aşkarlayıb və məhv etmək qabiliyyətindədir. Şəxsi heyətin döyüş əzmi və peşəkarlığı yüksək səviyyədədir.”
Ön xətdə düşmənin qəfil hava hücumunu dəf etməyə hazır olan hava hücumundan müdafiə bölmələrimizdən birində zabit Allahverən Abbasov bildirdi ki: “Hava sərhədlərimizin etibarlı qorunması üçün aparılan döyüş növbətçiliyində əsas diqqət aşağı və ən aşağı hündürlükdə uçan hava hücum vasitələrinin vaxtında aşkarlanmasına, məhv edilməsinə və bölmələrimizin vaxtında xəbərdar olunmasına yönəldilib.”
Azərbaycan Ordusunun son günlərdə həyata keçirdiyi əks-hücum əməliyyatı hər birimizi qürurlandırdığı kimi əsgərlərimizdə də qələbəyə olan inam hisslərini daha da artırıb. Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızla həmsöhbət olan zaman qələbə əzmini əyani olaraq gördük.
Əslən Laçın rayonundan olan əsgər Bəhruz Əhmədov qürur dolu sözlərlə bunları dedi: “Bu gün Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları məni, laçınlıları, o cümlədən əsgər yoldaşlarımı, xalqımızı fərəhləndirir, sevindirir. Əgər düşmən Naxçıvan istiqamətində də təxribat törətməyə cəhd edərsə qarşısında bizim kimi qorxmaz, cəsur, hazırlıqlı əsgərlər görəcək. Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik! Qarabağ Azərbaycandır!”
Göründüyü kimi Naxçıvanla dövlət sərhəddi istiqamətində düşmənin təxribat cəhdlərinə layiqli cavab verən Əlahiddə Ümumqoşun Ordunun bölmələri tərəfindən əməliyyat şəraitinə tam nəzarət edilir. Şəxsi heyətinin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədə olan bölmələrimiz düşmənin istənilən təxribatının qarşısını almağa və hətta qətiyyətli adekvat tədbirlər görməyə qadirdirlər.
YeniAN.info