Valyuta məzənnəsi

İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub

Tarix:29-05-2021, 11:30

İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub

Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir. Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.

Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Buradan sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platformaya enirlər. Bununla da sərnişinlərin rahatlıq və təhlükəsizliyi maksimum şəkildə təmin edilir. Hərəkətin optimal təşkili ilə vaxta qənaət edilməsi isə vətəndaş məmnunluğuna hesablanan əsas amillərdən biridir.

Metropolitenin bu stansiyasının tikintisi zamanı həssas kateqoriyadan olan vətəndaşlarımızın çətinlik çəkməməsi üçün hər cür şərait yaradılıb. Stansiyanın inşasında yeni növ inşaat üsullarından geniş istifadə edilib. Belə ki, stansiyada fövqəladə hallara qarşı enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə təmin edilməsi, digər xətlərdə olan sistemlə müqayisədə burada SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və qatarların hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleksin tətbiqi xüsusi yeniliklər sırasındadır.

Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır. Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi”–“8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur.

Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun – yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki bir zamanlar metronun “20 Yanvar” stansiyasından “Azadlıq” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi “8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.

İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub
İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub
İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub
İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub
İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub
İlham Əliyev Bakı Metropoliteninin “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub

YeniAN.az

Oxunub: 177



XƏBƏR LENTİ