Valyuta məzənnəsi

Türkiyəli diplomat Hulusi Kılıç: “Türk Dövlətləri Təşkilatına qatılmaq istəyən 10 qeyri-türkdilli ölkə var”

Tarix:8-02-2022, 17:30

Türkiyəli diplomat Hulusi Kılıç: “Türk Dövlətləri Təşkilatına qatılmaq istəyən 10 qeyri-türkdilli ölkə var”

2021-ci ilin 12 noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Görüşündə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) oldu. Türk dünyasının bir çox siyasətçiləri, diplomatları, politoloqları təşkilatın adındakı dəyişikliyin fəaliyyətinə də əhəmiyyətli təsiri olacağı qənaətindədir.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, türk dünyasında, xüsusilə Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında bir çox xidmətləri olmuş, Azərbaycanın “Dostluq ordeni” mükafatçısı Hulusi Kılıç sia.az-a müsahibəsində TDT-nin fəaliyyətinin genişləndirilməsilə bağlı maraqlı fikirlər bildirdi. Diplomatla müsahibəni tədim edirik:


- Hörmətli Hulusi Kılıç, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının funksiyasında, Sizcə, nə yeniliklər olacaq?

- Bu dəyişiklik zatən, gözlənilən idi. 2009-cu ilin oktyabrında Naxçıvan Sazişinin qəbulundan sonra qurulan bu təşkilat fəaliyyətlərini bugünədək uğurla davam etdirdi. 13 il əvvəl Naxçıvan Sazişini imzalayan 4 dövlət vardı, son qatılımla birlikdə dövlət sayı artdı, hazırda bu rəqəm 7-dir. Bu, normal inkişafdır. Əvvəl Türk Şurası regional bir təşkilat təsiri bağışlayırdı, amma indi belə deyil. TDT artıq Avropa Birliyi, Ərəb Dövlətləri Liqası kimi beynəlxalq bir təşkilatdır.
Təşkilatın TDT olaraq fəaliyyəti üçün Azərbaycanın dönəm başqanlığı dövründə bu fikir irəli sürüldü və lazım olan hazırlıqlar görüldü. 12 noyabr 2021-ci ildə də İstanbulda təşkilat yeni adla fəaliyyətə başladı.
Funksiyasında da, əlbəttə, dəyişiklik olacağı gözləniləndir. Siyasi, iqtisadi, kültür və turizm sahəsində ayrı-ayrı departamentlərin çalışması lazımdır ki, bu istiqamətdə də fəaliyyətlər sürdürülməkdədir.
Bu təşkilat kimsəyə qarşı yaradılmayıb, tamamilə bizim dil, kök, mədəniyyət birliyimizdən irəli gələn bir quruluşdur. Yeni adı ilə bərabər təşkilat yeni fəaliyyətilə regionun inkişafına çox böyük dəstək verəcək. Eyni soydan, eyni dildən olan insanların, ölkələrin birliyi və əməkdaşlığı son dərəcə təbiidir. Türkiyənin dönəm başqanlığı zamanında da bu məsələlər yetərli şəkildə öz yerini tutacaq və daha da inkişaf edəcək.
7 dövlət arasında Macarıstanın yer alması xüsusilə önəm qazandı. Avropanın mərkəzində bir türk dövləti təşkilatı nümayəndəsinin olması çox əhəmiyyətlidir. Bundan başqa yardım fondu quruldu ki, bu da kiçik və orta ölçülü şirkətlərə dəstək verəcək, bunun da iqtisadi baxımdan əhəmiyyəti var. Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından da bu ölkələr çox önəmlidir.

- Türkmənistanın müşahidəçi qismində qatılması haqqında mövqeyiniz nədir?

- Türkmənistan tərəfsiz, müstəqil bir ölkədir. TDT NATO kimi bir hərbi təşkilat deyil, Türkmənistan necə mərkəzi Tehranda olan İqtisadi Əməkdaşlıq Təşkilatına üzvdür, buna da üzv olmalıdır. Mən inanıram ki, Türkmənistan bu təşkilata tam üzv olaraq qatılacaq. Çünki Türkmənistanın yeri burdadır.
Bu təşkilatın təkcə regiona deyil, dünyaya da müsbət təsiri olacaq. Çünki sülhə, barışa, iqtisadiyyata, enerji təminatına qatqısı olan bir təşkilatdır. Və biz türk dövlətləri olaraq bu təşkilat altında daha da yaxınlaşacağıq. Bir zamanlar aralarımızda itən əlaqələr bərpa olunacaq və bu yaxınlaşma ilə ləhcə fərqləri də aradan qalxacaq və bir ləhcə ilə hamımız bir-birimizi anlayacağıq. Təbii ki, bunun üçün də çox fəal olmaq, çox işləmək lazımdır.

- TDT-nin nəzdindəki təşkilatların fəaliyyəti artırılmalıdır, yoxsa yeni qurumlar da yaradılmalıdır?

- Mərkəzi Katibliyi İstanbulda olan TDT-nin tərkibində Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Nur-Sultanda Beynəlxalq Türk Akademiyası, Bakıda TÜRK Dövlətləri Parlamentarilər Assambleyası – TÜRKPA və Türk Kültür və Miras Vəqfi, yenə də İstanbulda Türkiyə Ticarət və Sənaye Palatası, Bişkekdə isə Köçəri Sivilizasiya Mərkəzi var. Bu qurumların fəaliyyətləri təbii ki, artırılmalıdır

- Sizcə, TÜRKSOY-un üzərinə daha çox iş düşmürmü? Çünki dil, mədəniyyət, mənəviyyat məsələləri TÜRKSOY-un fəaliyyət sahəsinə daxildir.

- Əlbəttə, TDT yeni təşkilatlandıqdan sonra bu təşkilatın tərkibindəki bütün qurumlardan, o cümlədən TÜRKSOY-dan fəaliyyətlərini daha da artırmaq gözlənilir. TÜRKSOY-a bəzən türk dünyasının YUNESKO-su deyilir. Ona görə də TÜRKSOY-un YUNESKO kimi fəal bir orqana çevrilməsi vacibdir. Mən TDT-nin gələcəyinin çox gözəl olacağına inanıram. Aramızdakı ticarət mübadiləsi daha çox artdıqdan sonra, türkdilli dövlətlər bir-birinə dəstək olmaqla, az inkişaf etmiş ölkələr də inkişaf etmiş olacaq.

- Yəni, Avropa Birliyində olduğu kimi?

- Bəli. Mən Fransada Avropa Birliyi hüququ üzrə də təhsil almışam. Zatən TDT Avropa Birliyi modelindədir.

- Bəzi türkoloqlar bildirirlər ki, Latın Amerikasından tutmuş Avropa, Asiya daxil dünyanın hər yerində türk var. Bəs türk azlıqların bu təşkilatda yer alması necə mümkün ola bilər?

- Mən türk dünyasını 4 qrup üzrə təsnifatlandırardım: birincisi 7 türk dövləti, ikincisi muxtariyyat olanlar – Rusiyanın tərkibində olan 11 muxtar respublika, Qərbi Türküstan, Qaqauziya, üçüncüsü, türk azlıqlardır ki, Qərbi Trakyada, Bolqarıstanda, İraqda, Suriyada, İranda, Gürcüstanda yaşayırlar, dördüncüsü Avropaya gedib yerləşmiş türklərdir. Belə diaspora türklərinin sayı 10 milyondan çoxdur. Məsələn, Almaniyanın Haniver Böyük şəhər bələdiyyə sədri türkdür, hazırkı Almaniya hökumətində Cəmil Özdəmir kənd təsərrüfatı naziridir, eləcə də Asiya, Amerika, Afrika ölkələrində də yaşayan türklər var. Ona görə də TDT azlıqda olan türklər üçün də bir güvənc yeri olacaq. Bu gün TDT-yə qatılmaq istəyən ölkələr çoxdur.

- Rusiya da bu təşkilatda yer almaq istəyir.

- Hazırda 10 belə ölkə var. Bu təşkilat qeyri-türkdilli ölkələrin də marağındadır. TDT-yə yalnız rəsmi dövlət dili türkcə olan ölkələr üzv ola bilər. Məsələn, Kıbrız Türk Respublikası orada təmsil olunacaq. Amma bu təşkilatda ortaq əməkdaşlıq deyə bir yenilik də oldu. Buna görə də Rusiya müşahidəçi olaraq qatıla bilər, Koreya da qatılmaq istəyir. Azərbaycan, Qazaxıstan, Türkmənistan nefti olaraq, Türkiyə isə coğrafi mövqe və dünyadakı yüksək nüfuzu olaraq bu təşkilatda əhəmiyyətli yer tutur. Bu təşkilatın önümüzdəki Türk Dövlətləri Təşkilatının gələcək 10 il içərisində çox fərqli şəkildə və müsbət istiqamətdə inkişaf edəcəyinə inanıram.

Türkiyəli diplomat Hulusi Kılıç: “Türk Dövlətləri Təşkilatına qatılmaq istəyən 10 qeyri-türkdilli ölkə var”
Türkiyəli diplomat Hulusi Kılıç: “Türk Dövlətləri Təşkilatına qatılmaq istəyən 10 qeyri-türkdilli ölkə var”

Sevil Hilalqızı Ünal

Oxunub: 101



XƏBƏR LENTİ