“Bu gün Azərbaycanda güclü bir lider var və bu liderin ətrafında güclü ordu, ona güvənən, etimad edən xalq dayanıb”.
Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. YeniAN.info APA-nın yerli bürosuna istinadən bildirir ki, H.Kılıç qəhrəman Azərbaycan Ordusu irəlilədikcə Ermənistan hərbi, siyasi nüfuzunu itirməsini və daha da aqressivləşməsini dilə gətirib: “Ermənistanın Gəncə şəhərinə və Tərtər rayonuna olan hücumlarını qətiyyətlə pisləyirəm. Bu hücumları ilə Ermənistan terror dövləti olduğunu bir daha sübut edib”.
Diplomatın sözlərinə görə, Ermənistanın Gəncə şəhərinə qadağan olunmuş bomba atması, artıq onun həddini aşdığını göstərir: “Ermənistan hesab edirdi ki, bu dəfə də beynəlxalq təşkilatlar onu dəstəkləyəcək. Onsuz da indiyədək beynəlxalq qurumların laqeydliyi üzündən Ermənistan bu qədər ərköyünləşib. Azərbaycan torpaqlarının işğal edilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapıb. Ermənistanın hücumları Azərbaycanı başladığı haqlı mübarizədən geri döndərə bilməyəcək”.
H. Kılıç qeyd edib ki, atəşkəs çağırışı edən dövlətlər bu çağırışı Azərbaycana yox, Ermənistana etməlidirlər: “Təcavüzkar, işğalçı, ilk hücum edən Ermənistandır”.
O vurğulayıb ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır: “Qarabağ Azərbaycandır!”.
YeniAN.info