Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon
təşkilatı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın Milli
Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin 70 illik yubileyinə həsr
olunmuş birgə tədbir keçirib.
Tədbirdə
əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını
qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
İctimai Televiziya və Radio Yayımları Şirkətinin istehsalı olan
"Xocalının Əlifi” sənədli televiziya filmi nümayiş etdirilib.
Sonra
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni
Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli
Rzaquliyev, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin
bacısı Şükufə Hacıyeva, "Xocalının Əlifi” sənədli televiziya filminin
ssenari müəllifi Əlövsət Sadıqov çıxış ediblər.
Çıxışlardan
sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis
etdiyi "Böyük Zəfər” medalı Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif
Lətif oğlu Hacıyevin 70 illik yubileyi münasibətilə nəvəsinə təqdim
olunub, gənc nəslin milli ruhda tərbiyə olunmasında və vətənpərvərlik
dəyərlərinin təbliğində xidmətlərinə görə "Xocalının Əlifi” sənədli
filminin yaradıcı heyətinə Fəxri Fərmanlar verilib.
Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov belə tədbirlərin
keçirilməsinin vacibliyini vurğulamışdır. Çıxış edənlərdən Yeni
Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov
müharibə veteranlarının və qazilərin sosial problemlərinin daim dövlətin
diqqətində olduğunu iştirakçılara çatdırmışdır. Daha sonra natiqlərdən
AVMVİB sədri Füzuli Rzaquliyev tədbirin əhəmiyyətindən danışmış, gənc
nəslin vətənpərvər ruhda böyüməsi üçün belə tədbirlərin mütəmadi
keçirilməsinin zəruriliyini qeyd etmişdir. Müharibə veteranı və qazi
atası F.Rzaquliyev həmçinin diqqətə çatdırmışdır ki, veteran ordusu daim
Ali Baş Komandanın əmrinə hazırdır və onun rəhbərliyi altında özünü və
iki oğul övladını bu Vətənə qurban demişdir.
AVMVİB
Nəsimi rayon şöbəsinin sədri, şəhidin döyüş yoldaşı Elmar Hüseynov onun
keçdiyi və gənclərə örnək olan şərəfli döyüş yolundan danışmışdır.
Sonda iştirakçılara təşəkkür edilmiş, xatirə şəkli çəkilmişdir.
AVMVİB Mətbuat xidməti