Fransa Afrikada ciddi problemlərlə üzləşib. Bu onu dünya siyasətində ağır duruma salır. Paris bunun əvəzini Cənubi Qafqazdan çıxmaq istəyir. Buna görə də pozucu fəaliyyətindən əl çəkməyərək regionda durumu gərginləşdirmək istiqamətində işlərini davam etdirir.
Fransa Prezidenti Emmanuel Makronun avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi o deməkdir ki, Paris yenidən məsələ qaldırıb. Ancaq Makronun qaldırdığı məsələlər cənab Prezident İlham Əliyev tərəfindən yetərincə cavablandırılıb.
Telefon danışığı barədə yayılan rəsmi məlumat da belə deməyə əsas verir.
Fransa ardıcıl ermənipərəst mövqe yürüdən bir dövlətdir. Onun üçün bu, adi bir şeydir. Fransa Avropa İttifaqı üzvü kimi imkanlarından sui-istifadə edərək bu siyasətini həyata keçirir. Başqa tərəfdən, Rusiyanın Ukraynadakı müharibəyə başı qarışmasını özü üçün münbit zəmin sayır. Elə buna görədir ki, Fransa Cənubi Qafqaza hərbiləşmiş missiya göndərdi (Ermənistan ərazisində). Bu, faktiki olaraq Fransanın Cənubi Qafqazda sülh prosesinə kobud müdaxiləsidir.
Fransa heç zaman planlarından əl çəkməyəcək və görünür ki, daha böyük ambisiyalar qurur.
Bunun üçün müxtəlif vasitələri işə salır. İndi də Parisin meri, qatı ermənipərəst Ann İdalqo özünü ortaya atıb. Parisin küçələrindəki biabırçı vəziyyətə göz yuman, zibil qalaqları, çirkab suları içində itib-batan paytaxtın normal şəhər görkəmindən çıxdığını görməyən İdalqo özünü Ermənistana yetirib.
O, erməni təbliğatının ruporudur. Erməni lobbisinin pulu ilə yemlənir. Buna görə də təəccüblü heç nə yoxdur.
Fransa üçün bütün bunlar biabırçılıqdır. Bu biabırçılığın baiskarı Fransa Prezidenti Emmanuel Makrondur. Ölkəsini hörmətə mindirmək əvəzinə hörmətdən salır. Makron dərs çıxarmır, əksinə, daha da biabırçı hərəkətlərə əl atır. Fransanın dövlət səviyyəsində Azərbaycanı diplomatik normalardan kənar ifadələrlə tənqid etməsi heç də yaxşı hal deyil. Fransa kimi dövlət indi Ermənistan kimi cılız və aciz bir dövlətə bel bağlayır. Bu, Fransa üçün rəsmi rəzillikdir.
Fransa, heç olmasa, Qarabağ münaqişəsi dövründə özünün axmaq siyasətinin üzərinə pərdə çəkə bilirdi. Münaqişə həll olunduqdan sonra isə maskasını cırdı. Cırılan maskanın altından qəzəbli, hikkəli bir üz göründü. O indi qorxunc görkəmini regiona təzyiq kimi gətirməyə çalışır. Ancaq bunun heç bir faydası yoxdur. Çünki Azərbaycan istədiyini edir və bütün məqsədlərini reallaşdırır.
Fransa, yaxşı olar ki, erməni dəyirmanına su tökməkdənsə, Azərbaycanla səmərəli əməkdaşlıq qurmağa üstünlük versin.
Aqil Vəlili