Dünyada narkomaniya ilə mübarizə çərçivəsində müxtəlif tədbirlər görürlər. Görülən tədbirlərin effektiv olması üçün isə təbii ki, bu istiqamətdə atılan addımların mütəmadi olması önəmlidir.
Narkomaniyadan sağalma yolu həm narkoman, həm də onların yaxınları üçün uzun və çətindir. Müalicə prosesinin mühüm elementi həm də onlarla qarşılıqlı söhbətdir ki, bu da bütün mərhələlərdə xəstə ilə əlaqə yaratmağa kömək edir və ona ehtiyacı olan dəstəyin ifadəsidir. Narkomaniya ilə mübarizədə hər kəs öz dəstəyini verməlidir. Ağ ölümün gənclər arasında yayılmasına zəmin yaratmaq olmaz.
Amma daha da önəmlisi narkomaniyaya gedən yolda ilkin simptomları duyub, qabaqlayıcı tədbir görməkdir.
Bəs insanların psixotrop maddələrə meyilli olduğunu, yeni-yeni istifadə etdiyini necə başa düşmək olar? Valideynlər xüsusilə nəyə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Obyektivxeber.info-a açıqlama verən Regional Sosial Təşəbbüslərlə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov deyir ki, əgər narkomaniya problemi sizə yaxın olan birinə təsir edibsə, əmin olmalısınız ki, siz onun bu problemdən qurtulmasına kömək edəcək güc tapacaqsınız:
"Bir çox gənclər, azyaşlılar müxtəlif narkotik maddələrin təhlükəli olmadığını düşünürlər. Bununla belə, ilkin eyforiyadan sonra, davamlı və dərin, geridönməz beyin zədələnməsinə, oriyentasiyanın pozulmasına, huşsuzluğa və ölümə səbəb ola bilər - hətta bir dəfə nəfəs aldıqdan sonra da. Valideynlər uşaqlarla narkotiklər haqqında danışmaqdan çəkinirlər. Amma bu yanlışdır. Əksinə övladları ilə yetkinlik dövründə narkotik maddələrin nə olduğu, insan həyatına necə mənfi və geridönülməz fəsadlar yaratdığı barədə söhbətlər etməlidirlər.
Uşaqlarınızın narkotiklərin onlara nə edə biləcəyini bildiyinə əmin olun.
Araşdırmalar göstərdi ki, marixuana qısamüddətli yaddaşı, mühakiməni və problemləri həll etmək qabiliyyətini zədələyir, qavrayışı, tarazlığı və koordinasiyanı pozur. Marixuananın müntəzəm istifadəsi xroniki bronxitə, ağciyər xərçənginə səbəb ola bilər və reproduktiv sistemə zərər verir.
Bir çox marixuana istifadəçiləri yorğunluqdan, motivasiya çatışmazlığından əziyyət çəkir və xarici görünüşünə etinasız yanaşırlar. Bir neçə narkotiki qarışdırmaq riskləri artırır. Marixuanadan həzz alan az sayda uşaq bilir ki, aldıqları marixuananın tərkibində başqa güclü dərmanlar ola bilər ki, bu da xəstə fikirlərə, hallüsinasiyalara və daha böyük dozalarda ölümə səbəb ola bilər və bilir”.
"Ana 16 yaşlı qızının çantasında marixuana tapıb”
Ekspert deyir ki, uşağınızın narkotik sınadığını görsəniz, hiss etsəniz nə deyəcəyinizi, necə davranmalı olduğunuzu yaxşı bilməlisiniz:
"Uşaqlar tez-tez özləri meyilli olduqda, köhnə dostlar, tanışlar onları razı saldıqda, təzyiq etdikdə narkotikləri sınamağa bir növ "məcbur” qalırlar. Bununla da narkotikdən istifadə edən uşaqların sayı artır. Bir çox marixuana istifadəçiləri yorğunluqdan, motivasiya çatışmazlığından əziyyət çəkir və xarici görünüşünə etinasız yanaşırlar. Bir neçə narkotiki qarışdırmaq riskləri artırır. Marixuanadan həzz alan az sayda uşaq bilir ki, aldıqları marixuananın tərkibində başqa güclü dərmanlar ola bilər ki, bu da xəstə fikirlərə, hallüsinasiyalara və daha böyük dozalarda ölümə səbəb ola bilər və bilir.
Yaxın həftələrdə bir ana 16 yaşlı qızının bel çantasında marixuana tapmışdı. Həmin an o, əsəb və aqressiya ilə qızın üzərinə getsəydi, uşağı bu yoldan qaytarmaq daha çətin olacaqdı. Anaya sakitləşdikdən sonra qızı ilə bu barədə söhbət etməli olduğunu bildirdik. Bu mövzulardan utanmaq lazım deyil, mütəxəssisə müraciət edib vaxtında doğru addım atmaq daha vacibdir. Ana marixuana qalıqlarının qızının çantasına necə düşdüyünü sakit formada qızından soruşdu. Narkotikdən istifadənin qəbuledilməz olduğunu söyləməklə yanaşı, bir addım da irəli ataraq qızına davranışlarında müşahidə etdiyi dəyişiklikləri dedi. Narkotiki bir dəfə sınamağın həyatda nə kimi fəsadlara səbəb ola biləcəyini izah etdi. Hesab edirəm ki, əvvəlcə uşaqdan bunu niyə etdiyini soruşmaq lazımdır. Daha sonra ona uyğun tədbir görülməlidir”.
Bəs artıq bir dəfə də olsa psixotrop, narkotik maddədən istifadə edən uşaqları cəmiyyətin təzyiqindən necə qorumaq olar?
E.Maqalov deyir ki, uşaqları öz cəmiyyətimizin təzyiqinə müqavimət göstərməyə kömək etməliyik:
"Bu elə bir qəliz dövrdür ki, valideyn yorulmamalıdır. Valideyn tükənsə, uşaq yenidən narkotik maddəyə meyillənəcək. Narkotik təklif edən insanlar adətən satıcı deyil, dost olurlar. Uşaqların narkotikdən imtina etməsinin onlar üçün bəzən utancverici və çətin olduğunu söyləmələrinin səbəbi də budur. "Dost”, "tanış” uşaqları narkotikin dadına baxmağa vadar edən hər kimdirsə, onları "yox” deməyə qoymur. Uşaqlar isə "yox” deyərsə "dostluqları” pozular düşünürlər. Valideynlər övladlarını uşaqlarını narkotikdən istifadə etməyə başlayan dostları tərk etməyə təşviq etməlidirlər. Lazım gələrsə, bütün işləri təxirə salıb uşaqları ilə daha çox zaman keçirməlidir. Onlara yeni mühit, sağlam yeni dostlar tanıtmalıdır.
Məktəblidirsə, eyni sinifdən, tələbədirsə, eyni qrupdan olan uşaqların valideynləri ilə bu barədə danışmalı, onları da ayıq-sayıq olmağa çağırmalıdır. Xəstələrin problemləri çox fərdi və fərqlidir - bəziləri öz vəzifələrini yerinə yetirmir, müalicə olunmaq istəmir, bəziləri cəmiyyət tərəfindən qınanmaqdan qorxur və problemini gizlədir, digərləri isə asılılığa günahsız əyləncə kimi yanaşır. Narkomaniyaya əl atmaq üçün həyat şəraiti və səbəbləri hər kəs üçün fərqlidir, ona görə də narkomanla söhbət hər bir halda fərqli və fərdi olmalıdır”.
Könül Cəfərli